14 Oktyabr 2021 11:00
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə Ramil Rəhmanov ifadə verib.

İttihama görə, bu il iyunun 6-da saat 23 radələrində Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərdən xəstəxanada ölüb.

İstintaq müəyyən edib ki, Ramil Rəhmanovla Svetlana Məmmədovanın evliliyi hər ikisində ikinci nikah olub. Amma qısa müddət sonra boşanıblar.

Cinayət işinin materiallarında göstərilib ki, bu ilin iyununda hadisə baş verən gün Ramil Svetlananın “BMW” markalı maşına minib getdiyini görüb. Onu izləməyə çalışsa da, bir qədər sonra gözündən yayınıb.

Bundan sonra o, keçmiş həyat yoldaşını öldürmək qərarına gəlib. Bu məqsədlə Zabrat qəsəbəsində onun yaşadığı evə gedib, Svetlana Məmmədovanı məsələləri aydınlaşdırmaq adıyla çöllük əraziyə aparıb. Orada bıçaqla boğazından vurmaqla qadını öldürüb.

Ramil Rəhmanov bildirib ki, keçmiş həyat yoldaşını xəyanətə görə qətlə yetirib: “Bundan əvvəl də 3-4 dəfə elə hərəkətləri olmuşdu. Amma bağışlamışdım. Daha doğrusu, and içmişdi ki, elə deyil, mən də inanıb, günahından keçmişdim”.

Ramil Rəhmanov qeyd edib ki, hadisəni törədəndən sonra özü könüllü şəkildə polisə məlumat verib və təslim olub.

Cinayət işi üzrə zərərçəkmişin hüquqi varisi qismində Svetlana Məmmədovanın qardaşı tanınıb. Lakin o, məhkəməyə məktub göndərib ki, prosesə gəlmək istəmir, ona görə də hüquqi varis qismində başqasının tanınmasını istəyir.

Mərhumun anası Həcər Məmmədova məhkəmədə bildirib ki, oğlu bacısının qatili ilə üz-üzə gəlməyi arzulamır. Bu səbəbdən oğlunun əvəzinə, özünün hüquqi varis qismində tanınmasını istəyib. Məhkəmə müraciəti qəbul edib.

Həcər Məmmədova ifadəsində bildirib ki, Ramil Rəhmanovun xəyanət haqqında söylədikləri yalandır, qızı heç bir günahı olmadan öldürülüb: “Mənim qızım bələdiyyədə işləyirdi, bir adama lazım olanda taksi sürücüsü kimi aparıb-gətirirdi. Qızım deyəndə ki, ona evlilik təklif edilib, biz razı olmadıq. Çünki o, mənim qızımın tayı deyildi”.

Həcər Məmmədova əlavə edib ki, hadisə günü Svetlananın mindiyi avtomobil öz xalası oğlunun maşını olub.

O, ifadəsinin sonunda Ramil Rəhmanova ən ağır cəza verilməsini istəyib.

İstintaq orqanı tərəfindən Ramil Rəhmanovun barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.


Müəllif: Hacı Zeynalov