Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 17 il əvvəl ağır qətl hadisəsi törətməkdə təqsirli bilinən Varis Səmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zülfüqar Ağalarovun hüquqi varisi Emil Ağalarov vəsatətlə çıxış edib. O, bildirib ki, cinayət işi ilə tanış olmayıb. Emil Ağalarov bu səbəbdən məhkəmənin təxirə salınmasını xahiş edib.
Proses noyabrın 20-nə kimi təxirə salınıb.
İttihama görə, 23 avqust 1997-ci ildə odlu silahla qətlə yetirilən Zülfüqar Ağalarovun meyiti Nəsimi rayon hərbi komissarlığının arxasında aşkar edilib. Varis Səmədov tanışı Eldar Əliyevin (2004-cü ildə Rusiyada yaşadığı evin qarşısnda güllələnib) idarə etdiyi VAZ 2106 markalı avtomaşınında olarkən metronun “20 Yanvar” stansiyası istiqamətindən Soltan Nəcəfovun idarə etdiyi avtomaşında əyləşən digər tanışı Zülfüqar Ağalarovun gəldiyini görüb. Zülfüqar Ağalarovdan borcunu geri istəmək məqsədilə maşını saxlatdırıb və söhbət etmək üçün onu öz əyləşdiyi avtomobilə dəvət edib. Pul məsələsi ilə bağlı aralarında mübahisə yaranıb. Mübahisə zamanı “Makarov” tipli tapançadan Zülfüqara üç dəfə dalbadal atəş açıb. Daha sonra onun meyiti avtomaşınla gətirərək Nəsimi rayon Hərbi Komissarlığının arxasına ataraq hadisə yerindən qaçıb.
Qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 95-ci (köhnə red.) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Varis Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib, barəsində axtarış elan olunub. Lakin Varis Səmədov (Rəşitov Həmid Məcidoviç) ad-soyadını dəyişdirdiyinə görə onun yaşadığı yeri müəyyən etmək mümkün olmayıb.
2002-ci ildə Varis Səmədovun əməlləri Cinayət Məcəlləsinin 95-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsinə tövsif edilir. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Varis Səmədov 2002-ci ilin oktyabr ayında istintaqa gəlib və 1 saylı istintaq təcridxanasına yerləşdirilib.
2003-cü ilin fevral ayında Nəsimi rayon məhkəməsinin tərəfindən Varis Səmədovun barəsindəki həbs-qətimkan tədbiri ləğv olunub, qohumlarının nəzarəti altına verilməsi haqqında qərar qəbul edilib. Lakin sonradan təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilib və Bakı şəhər prokurorunun təqdimatına əsasən Səbael rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul olunub. V.Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilib.
Bu ilin avqust ayında V.Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib və o, Səbail rayon məhkəməsinin 09.10.2009-cu il tarixli qərarına əsasən Bakı İstintaq təcridxanasına yerləşdirilib.
Hacı Zeynalov