17 Oktyabr 10:59
264

Abşeron rayonunda 2001-ci il təvəllüdlü Səməndər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Əfqana xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu ilin iyulun 7-də, saat 10 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində baş verib.

Həmin vaxt Əfqanın zarafat etməsinə Səməndər iradını bildirib və bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Səməndər Əfqanın sifət nahiyyəsinə 1-2 dəfə yumruq zərbəsi vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Səməndərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməndər ona elan olunmuş ittiham üzrə təqsirli bilib. O bildirib ki, Mehdiabad qəsəbəsində yerləşən əmisi Abbasın dükanında satıcı Vüqarı müvəqqəti olaraq əvəz edib: “Əfqanda həmişə dükana gələrək alış-veriş etdiyi üçün onu tanıyıram. İyulun 7-də, saat 10 radələrində Əfqan dükana gəldi. Mənimlə zarafat etdi, söhbət edərkən həmin vaxt dükana müştəri qismində az yaşlı qız uşağı gəldi. Əfqan söyüşlə zarafat etdiyi üçün ona “söyüş söymə, uşaq var”, - dedim. Əfqan küçəyə çıxdı, məni gözlədiyini dedi. Mən də biraz keçdikdən sonra küçəyə çıxdım. Birlikdə dükanın yaxınlığında olan aralıq yola keçdik. Əfqan mənə “söyüşlə zarafat edirəm, yaxşı eliyirəm”, - dedi. Buna görə aramızda mübahisə yarandı. Yumruqla 1-2 dəfə Əfqanın sifət nahiyyəsinə vurdum. Əfqan burun nahiyyəsini əli ilə tutaraq getdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan Mehdiabad polis bölməsinə onu çağırıblar: “Polis bölməsinə gedəndən bildim ki, Əfqan məndən şikayət edib”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əfqan bildirib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti yoxdur.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Hökmə görə, Səməndər zərərçəkmişlə barışması nəzərə alınıb. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad olunub.


Müəllif: Hacı Zeynalov