18 Oktyabr 2021 15:53
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını öldürən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Fəqan Əhmədovun vəkilləri şikayəti Bakı Apelyasiya Məhkəməsinə təqdim ediblər.

Fəqan Əhmədov cəzasının yüngülləşdirilməsini istəyib.

Qeyd edək ki, Fəqan Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Fəqan Əhmədovun mayın 30-da, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov ittihama münasibət bildirərək özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, hadisə təsadüfən baş verib, həyat yoldaşını qəsdən öldürməyib. O istintaqa ifadəsində bildirib ki, eyni kollektivdə işlədiyi Pərvanə Əhmədova ilə 2006-cı ildə öz istəyi ilə ailə qurub:

“Spirtli içki içməyimlə əlaqədar yoldaşımın arabir narazılığı olub. Hadisə günü 100-150 qram araq içmişdim, axşamüstü saat 7-də qonşum Əliəşrəflə onların bağında yeyib-içdik. Oraya gedərkən apardığım 0,7 litrlik arağı birlikdə içdik, daha sonra evə qayıtdım. Təxminən 23:30 radələrində Pərvanə ikinci mərtəbədən aşağı düşüb divanda əyləşdi.

Söhbət edərkən spirtli içki qəbul etdiyimə görə narazılığını bildirdi. “Özüm bilərəm nə vaxt tərgidəcəm” deyə cavab verdim. Bundan sonra zarafat məqsədilə onun qulağını astaca dartdım. Sonra yuxarıda yataq otağından tüfəngi götürüb arvadımla zarafatlaşmaq qərarına gəldim.

2013-cü ildən məndə olan “Baykal MP-27” markalı ov tüfəngini saxlamaqda məqsədim bağa köçdükdən sonra oğurluq hadisəsi olarsa ailəmi müdafiə etmək idi. Həmin silahdan sonuncu dəfə Novruz bayramından sonra atəş açmışam. Bağda silah dolu qalsa da, həmişə qoruyucuda olub. Silahın qoruyucuda olmasından əmin olduğumdan qoruyucunu yoxlamamışdım.

Pərvanənin yanına gəlib ona “qulağını dartım, yoxsa atım?” dedim, o isə “ata bilməzsən!” deyə cavab verdi. Silahı ona tərəf tuşladım, bu zaman həyat yoldaşım əlini silahın lüləsinə tərəf apardı, lüləsindən tutub əli ilə itələdi. Mənim əlim tətikdə olduğundan özümdən asılı olmadan silahdan atəş açdım. Silahın atəşindən şoka düşdüm. Yoldaşımın huşsuz vəziyyətə düşdüyünü, sinəsindən qan gəldiyini görüb onun öldüyünü anladım.

Tüfəngi götürüb özümü öldürmək üçün həyətə çıxdım, həyətdə olarkən uşaqların ağlamasını eşidib özümü öldürə bilmədim və eyvandan havaya atəş açdım. Sonra DİN-nin 102 Qaynar xəttinə zəng edib hadisə barədə məlumat verdim”.

Məhkəmədə verilən suallara cavab olaraq Fəqan Əhmədov bildirib ki, o, ittiham aktında yazılmış onun tüfəngi doldurub döyüş vəziyyətinə gətirdiyi mülahizəsi ilə razı deyil: “Tüfəng martın 20-dən içi patronla dolu olub. Mənim həyat yoldaşımı öldürmək üçün bir səbəbim olmayıb. Bu hadisə zarafat edərkən ehtiyatsızlıqdan baş verib. Hadisə vaxtı sərxoş olsam da, özümü idarə edə bilirdim”.

İstintaq orqanı tərəfindən Fəqan Əhmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov