19 Oktyabr 2021 10:16
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində “İdeal Kompani”nin mühasibi işləmiş Samirə Quliyeva müdafiə tərəfinin vəsatətinə əsasən sənədlərin tədqiqi ilə əlaqədar təkrar dindirilib.

İttiham aktında İlqar İsmayılovun müxtəlif vaxtlarda “Yapıkreditbank”dan və “Silk Way Bank”dan şəxsi məqsədləri üçün götürdüyü 1 milyondan artıq kreditləri “İdeal Kompani”dən məxaric edilən vəsaitlər hesabına ödənildiyi qeyd edilsə də, mühasib Samirə Quliyeva həmin kreditlərin İlqar İsmayılov tərəfindən şirkətin kassasına mədaxil edildiyini təsdiqləyib.

O, 1 milyon 13 min manat və 1 milyon 497 min manat məbləğində kredit vəsaitlərinin tam həcmdə “İdeal”ın kassasına mədaxil edilməsi barədə müdafiə tərəfinin təqdim etdiyi qəbz və aktda olan imzaların ona məxsus olduğunu deyib.

Samirə Quliyeva bununla bağlı şirkətin digər vəzifəli şəxslərinə elektron poçt vasitəsilə hesabat göndərdiyini və həmin e-mail yazışmalarının ona məxsus olduğunu da təsdiqləyib.

Bundan başqa, Samirə Quliyeva İlqar İsmayılovun müxtəlif tarixlərdə 5 milyon manatdan artıq məbləğdə vəsaitin “İdeal Kompani”nin kassasına mədaxil edilməsi ilə bağlı qəbzlərdəki imzalarını təsdiqləyib.

İlqar İsmayılov bildirib ki, ona gündəlik kassa hesabatları əsasında ittiham verilib və mühasibdən həmin hesabatların şirkətdə rəsmi məxaric sənədi olub-olmamasını soruşub.

Samirə Quliyeva həmin sənədlərin rəsmi olmadığını və onun tərəfindən belə bir sənəd tərtib edilmədiyini deyib. Vurğulayıb ki, İlqar İsmayılovun adına olan məxariclər, bir qayda olaraq onun özü tərəfindən imzalanırdı.

Müdafiə tərəfinin sualına cavab olaraq Samirə Quliyeva deyib ki, İlqar İsmayılovun adına olan və şirkətə mədaxil olan kreditlərin aylıq ödənişləri ilə bağlı şirkətdə ödəniş cədvəlləri mövcud idi.

İlqar İsmayılov bildirib ki, ona qarşı ittihama səbəb olan məbləğlərlə bağlıcinayət işi materiallarında ümumilikdə 15 sənəd olsa da, onlardan yalnız 3-də imzası var: “Bu sənədlərdən yalnız birinin alt sənədləri var və məxaricin təyinatı, hara ödənilməsi ilə bağlı tam göstərilib. Digərləri isə yalnız məxaric sənədinin surətlərindən ibarətdir”.

Müdafiə tərəfi işdə yer alan məxaric sənədlərin tədqiq edilməsi, hansında İlqar İsmayılovun imzasının olub-olmaması və alt sənədlərin mövcud olub olmamasının araşdırılmasını istəyib.

Məhkəmə növbəti prosesdə həmin sənədlərin tədqiq ediləcəyini bildirib.

Növbəti proses oktyabrın 25-də davam edəcək.

İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun basində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov