13 Noyabr 2014 14:14
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində “1001 gecə” restoranda qətl hadisəsi törətməkdə təqsirli bilinən Rəşad Mirələmovun hökmündən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin dinləmə olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib.

Daha sonra zərərçəkmişin hüquqi varisi Nənəş İsmayılovanın vəkili Altay Muradov tərəfindən verilən apelyasiya şikayəti müzakirə edilib. Zərərçəkmiş tərəf apelyasiya şikayətində iddia edib ki, Rəşad Mirələmov cinayəti törədən zaman tək olmayıb. Zərərçəkmiş tərəfin vəkili cinayəti törədən digər şəxslərin də müəyyən edilməsi üçün işin ibtidai istintaqa qaytarılmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov isə apelyasiya şikayətində hökmdən narazı olduğunu qeyd edib. O, Rəşad Mirələmovun barəsində olan ömürlük cəza hökmünün ləğv edilməsini və onun barəsində müddətli cəzanın təyin edilməsini istəyib.

Alatay Muradov Teleqraf.com-a bildirib ki, məhkəmənin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə şikayət edəcəklər. Onun sözlərinə görə, ilkin baxış iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi barədə vəsatət veriblər. Vəkil deyib ki, işin istintaqa qaytarılması cinayətin digər iştitrakçılarının müəyyən edilməsi ilə bağlı olub. Vəkil əlavə edib ki, onların vəsatəti təmin edilməyib və məhkəmə baxışı noyabrın 25-nə təyin edilib. Vəkil məhkəmənin qərarından kasasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Mirələmov ömürlük azadlıqdan məhrum edilib. İttihama görə, 17 iyul 2012-ci ildə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən istirahət mərkəzində Rəşad Mirələmov Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimov və qeyrilərinin qəsdən öldürülməsinə cəhd edib.

İttiham sənədlərində qeyd olunur ki, Rəşad Mirələmov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 7 iyul 2004-cü il hökmü ilə qəsdən adam öldürmə cinayəti törətməkdə təqsirli bilinib və məhkum olunub. Bundan 7 il sonra - 6 oktyabr 2011-ci ildə Rəşad Mirələmov Lənkəran şəhərində tanışı Taleh Həsənovun qarşısında nüfuz qazanmaq məqsədilə sonuncunun Zamin Bağırova borca verdiyi 3 min 700 manat puldan imtina etməsini tələb edib. Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayının çayxanasına gələn Rəşad Mirəlımov orada masa arxasında əyləşən Zamin Bağırovu çayxananın arxasına çağırıb.


Qatlanmış vəziyyətdə olan bıçağın dəstək hissəsi ilə Zamin Bağırovun göz və kürək, təpiklə isə ayaq və bədəninin digər nahiyələrinə zərbələr vurub. Ondan Taleh Həsənova verdiyi borcundan imtina etməsini tələb edib. 2012-ci ilin iyun və iyul aylarında isə Rəşad Mirələmov qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə Lənkəranın Şilavar kənd sakini Firdosi Bağırovu döyüblər. Ondan Həsənov Taleh Zakir oğluna, Əliyev Valeh Müslüm oğluna və qeyrilərinə mövcud olmayan borcu - 19 min dollar alıblar. Bununla bağlı Firdosi Bağırov Ramal Bayramova və Elman Əhmədova müraciət edib.

17 iyul 2012-ci ildə gecə 3 radələrində Firdovsi Bağırovun mənafeyini müdafiə edən Ramal Bayramov, Elman Əhmədov, Səməd Mənsimov, Elmar Süleymanov, Elnur Qasımov, Mübariz Məmmədov “Min bir gecə” istirahət mərkəzinə gediblər. Çimərliyə uyğunlaşdırılmış açıq yay köşkündə çay stolu arxasında Rəşad Mirələmovla qarşılıqlı mübahisəyə giriblər. Ramal Bayramov Rəşad Mirələmova köşkünün taxta materiallarını qopardıb çoxsaylı zərbələr endirib, yumruq, təpiklə vurub. Buna baxmayaraq Rəşad Mirələmov Firdovsi Bağırovdan tələbini davam etdirib. Rəşad Mirələmov qarşılıqlı mübahisə və dalaşma zəminində iki və daha artıq şəxsi qəsdən öldürmək niyyəti ilə qanunsuz əldə edib saxladığı və gəzdirdiyi yivli odlu silah olan 9 mm kalibrli “Makarov” markalı tapançadan həmin şəxslərə atəşlər açıb.

Həmin vaxt Rəşad Bayramov ölüb, Səməd Mənsimov yaralanıb. Digər atəşləri qarşısında Elman Əhmədov, Elmar Süleymanov, Mübariz Məmmədov, Elnur Qasımov qaçıb uzaqlaşıblar. İstintaq dövründə Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun cinayət işi ayrıca icraata götürülüb və onların barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökm elan edilib.

Qeyd edək ki, Rəşad Mirələmov Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğludur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər