20 Oktyabr 2021 15:27
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə Vəkillər Kollegiyasının bir neçə üzvünün şahid qismində ifadə verdiyi məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, onlar MTN-də saxlanılan, hədə-qorxu yolu ilə əmlakları, pulları ələ keçirilən iş adamlarının vəkilləri olublar.

Vəkillər MTN-də saxlanılan iş adamları ilə onların ailə üzvləri arasında ünsiyyətin qurulmasını təşkil ediblər. Eyni zamanda Mövlam Şıxəliyev və digər şəxslərin tələb etdikləri pulların məbləği barədə iş adamlarının ailə üzvlərini məlumatlandırıblar.

Bu səbəbdən istintaq orqanı həmin vəkillərdən şahid qismində ifadə alıb.

2 saylı hüquq məsləhətxanasının vəkili Qəzənfər Rzayev iş adamı Zaur Əliyevin vəkili olub. Qəzənfər Rzayev zərərçəkmiş Zaur Əliyev və şahid Samirə Əliyevanın göstərdikləri faktları təkzib edib.

Bununla belə o, MTN-də saxlanılan Zaur Əliyevin ailə üzvləri ilə nazirliyin vəzifəli şəxsləri arasında pul danışıqlarının aparılması faktını dolayı yolla təsdiq edib: “Zaur Əliyevin həbsdən buraxılması üçün MTN əməkdaşlarının hər hansı məbləğdə pul istəməsi barədə Samirə Əliyevaya söz çatdırmamışam. Həmin danışıqlarda Samirəyə xəbər çatdırmış şəxs sonuncunun qohumu olduğu üçün istintaqda həmin şəxsin adını çəkmək istəməyib. Bu səbəbdən mənim adımı qeyd edib”.

2012-ci ilin iyun-dekabr aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Railə Musayeva və həyat yoldaşı Sahib Musayevin oğlu Rəhman həbs olunub. Onların oğlanlarının vəkili 1 saylı hüquq məsləhətxanasının əməkdaşı Natiq Mustafayev olub.

Railə Musayeva istintaqa verdiyi ifadəsində göstərib ki, istintaq baş idarəsinin rəis müavini Sahib Ələkbərov oğlunun müdafiəçisi olmuş 1 saylı hüquq məsləhətxanasının vəkili Natiq Mustafayev vasitəsilə ona və ərinə oğlunun həbsdən buraxılması üçün 1 milyon manat verməli olduğu xəbərini göndərib.

Istintaq orqanı Natiq Mustafayevi şahid qismində dindirə bilməyib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin istintaqa göndərdiyi məktubdan görünür ki, Natiq Mustafayev 6 iyun 2012-ci ildə vəfat edib.

Şahid qismində ifadə verən 3 saylı hüquq məsləhətxanasının vəkili Qubad Salayev 2013-cü ildə həbs olunan sahibkar Etibar Cəfərovun vəkili olub. O, iş üzrə ifadəsində qeyd edib ki, cinayət işi üzrə şahid qismində ifadə verən Vahid Cəfərovun onun barəsində dediyi yalandır: “Etibar Cəfərovun həbsdən buraxılması üçün MTN-in istintaq baş idarəsində pul tələb edildiyini demyim, Vahid Cəfərov razılaşmadıqda isə Fuad Məmmədovun (MTN-in sabiq müstəntiqi – red.) mobl nömrəsini verib, özü ilə əlaqə saxlamağı məsləhət görməyim barədə Vidadi Cəfərovun söylədiklərini təkzib edirəm. Etibar Cəfərovun həbsdən buraxılması müqabilində hər hansı məbləğdə pul istənilməsi və alınmasından məlumatım olmayıb”.

Sahibkar Elvar Əliyevin MTN-də saxlanıldığı dövrdə hüquqlarını müdafiə etmiş 13 saylı hüquq məsləhətxanasının vəkili Vüsalə Cəfərli bildirib ki, ailə üzvləri onunla müqavilə bağlayıblar: “Elvar Əliyev və onunla birlikdə tutulan digər şəxslərin həbsdən azad edilməsi üçün MTN-də müəyyən məbləğdə pul tələb olunması barədə həmin ərəfədə söhbətlər getdiyini müstəntiq Fuad Məmmədovdan soruşdum, o, məsələnin “rəhbərliyin” əlində olduğunu dedi. Elvarın qardaşı Məhbub Əliyev mənə dəfələrlə tutulan şəxslərin azad edilməsi üçün MTN-də 50-60 min manat tələb etdiklərini deyib, hətta bir dəfə öz anası ilə birlikdə mənim yaşadığım evin qarşısına gələrək avtomobildə görüşmüşük.

Bu zaman Elvarın həbsdən buraxılması üçün istintaqla danışaraq razı salmaq məqsədilə mənə 50-60 min manat vermək istədi. Lakin mən qəbul etmədim. Məhbub ikinci dəfə eyni təkliflə yaşadığım ünvanın yaxınlığına gəlməsindən bezdim, ona Fuad Məmmədovla danışıb, xəbər edəcəyimi dedim.

Lakin Fuad Məmmədov məsələnin onun ixtiyarında olmadığını dedi. Sonra bu barədə Məhbuba xəbər verdim. Məhbubdan pul almamışam, özümdə saxlamamışam. Elvarın hansı yolla həbsdən buraxılmasından xəbərim olmayıb”.

İş üzrə şahid qismində dindirilən 14 saylı hüquq məsləhətxanasının vəkili Xavər İsmayılov sahibkar Əfsəl Həsənəliyevin müdafiəçisi olub. Vəkil qeyd edib ki, MTN-də Əfsəl Həsənəliyevdən hər hansı məbləğdə pul istənilməsi və alınması barədə tam məlumatsız olub. O, ilkin ifadəsində Əfsəl Həsənəliyev və Niyar Həsənəliyevanın ifadəsindən barəsində göstərdikləri xüsusatları, yəni Əfsəl Həsənəliyevin həbsdən buraxılması üçün Yasin Məmmədova onun vasitəsilə 7 min manat verilməsini təkzib edib.

Amma vəkil sonrakı ifadəsində qeyd olunan xüsusatı dolayı yolla təsdiqləyib. Bildirib ki, istintaq dövründə Əfsəl Həsənəliyev xəstəliyini əsas gətirərək həbsdən buraxılması üçün ona müraciət edib: “Mən də bu məqsədlə dəfələrlə istintaqa müraciət etdim. Bir neçə dəfə Əfsəlin arvadı Niyar ona çatdırmaq üçün içində sənədlər olduğunu dediyi konvert verdi. Mən də istintaq idarəsində Əfsəllə görüşəndə həmin konvertləri ona çatdırdım. Əfsəl 35 min manat müqabilində həbsdən buraxılmasını, 7 min manatı mənim vasitəmlə, qalan 28 min manatı isə sərbəst buraxıldıqdan sonra verdiyini Baş Prokurorluqda istintaqda dindirilmək üçün dəvət ediləndə eşitdim. Çünki mənə verilən və Əfsələ çatdırıldığı konvertlərin içində nə olduğunu bilməmişəm. Konverti müstəntiqə deyil, hər dəfə Əfsəlin özünə vermişəm. Qeyd olunan konvertlər müxtəlif ölçülü, bəzən qalın, bəzən də nazik olub”.

3 saylı hüquq məsləhətxanasının vəkili Sabir Qədirov MTN əməkdaşları tərəfindən saxlanılan və şantaj yolu ilə əmlakı əlindən alınan Əhməd Mirzəyevin müdafiəçisi olub. Vəkil ifadəsində deyib ki, MTN-in əməkdaşı Təhsin Ağayevin Əhməd Mirzəyevdən həbsdən buraxılması müqabilində 500 min dollar tələb edilməsi barədə məlumatı olmayıb.

Sabir Qədirov tələb olunan pulla bağlı məlumatı MTN-də saxlanılan Əhməd Mirzəyevdən Xəqani Mirzəyevə çatdırmadığını bildirib.

2013-cü ildə MTN tərəfindən saxlanılan və həbsdən azad olunması üçün külli miqdarda əmlakı ələ keçirilənlərdən biri də sahibkar Natiq Teymurovdur. Natiq Teymurovun nüdafiəçisi 3 saylı hüquq məsləhətxanasının vəkili Cahangir Cavadov olub.

Mövlam Şıxəliyevin cinayət işi üzrə istintaqa cəlb olunan və şahid qismində ifadəsi alınan Cahangir Cavadov deyib ki, mərhum Natiq Teymurovun hüquqi varisi Rəfael Teymurlunun MTN-in inzibati binasında Fuad Məmmədovun qəbulunda birlikdə olmaları, daha sonra Rəfael Teymurlunu Sahib Ələkbərovun otağına yola salıb, “nə desələr, denən yarısı” söylədiyi xüsusatlar düzgün deyil. O, Natiq Teymurovun həbsdən buraxılması müqabilində hər hansı məbləğdə pul istənilməsi və alınmasından məlumatı olmadığını bildirib.

Üzləşdirmə zamanı hüquqi varis Rəfael Teymurlu ifadəsində göstərdiyi xüsusatları şahid qismində dindirilən Cahangir Cavadovun üzünə səsləndirib, bir daha təsdiq edib.

Qeyd edək ki, Cahangir Cavadovun adı bir çox səs-küylü işlərdə hallanıb. O, Daxili İşlər Nazirliyinin baş əməliyatçısı Hacı Məmmədovun da ilkin istintaq dövründə vəkili olub. Hacı Məmmədov o dövrdə məhkəmədə çıxış edərkən Cahangir Cavadovun ünvanına bir sıra ittihamlar səsləndirmişdi.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.


Müəllif: Hacı Zeynalov