21 Oktyabr 2021 12:37
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə Nərmin Quliyevanın əmisi Arif Quliyev şahid qismində ifadə verib.

Qeyd edib ki, Nərmin Quliyeva sonuncu dəfə onların evində olub və evdən çıxandan sonra itkin düşüb. Şahidin sözlərinə görə, qardaşıgillə onun evi arasında təxminən 700 metr məsafə var: “Günorta saat 3-ə qalardı. Dedi ki, bu “kurtkanı” atam göndərdi. Onunla bir torba göndərməliydi. Sonra baxdım ki, ağırdı, apara bilməz. Dedim, bacını da götürüb gələrsən, bunu apararsan. Getdi, təxminən bir saat sonra böyük bacısı gəldi, dedi ki, Nərmin gəlib çıxmayıb”.

Arif Quliyev qardaşının böyük qızı Şəbnəmin adını məhkəmədə xatırlaya bilməyib. O, qeyd edib ki, axşam saat 18.00 radələrində qardaşı Şərif Quliyev onlara gəlib: “Çünki qonşu kənddə qohumlarımız toy edəcəkdi, ora “ciyər axşamı”na getdik. Axşam saat 20.00-da oradan qayıtdıq. 21.00-da isə uşağın yoxa çıxması xəbəri yayıldı”.

Arif Quliyev deyib ki, Nərmin həmin gün onlarda 1 dəqiqə dayanmasına baxmayaraq, onun əynində olan geyimləri yadında saxlayıb: “Uşağın əynində cins şalvar, ağ idman ayaqqabısı, qırmızı boğazlı köynək və gödəkcə var idi. Lakin həmin gün Nərminin böyük bacısını və atasını da görməyimə baxmayaraq, onların əynindəki paltarlara diqqət yetirməmişəm”.

Vəkillər Arif Quliyevdən Nərminin anası Aynurə İsmayılovaya uşağının itkin düşməsi ilə bağlı suallarına belə cavab verib: “Məni günahkar bilməyiblər”.

Sual-cavabdan aydın olub ki, uşaq itkin düşəndən sonra hüquq-mühafizə orqanları kəndə əhliləşdirilmiş itlər gətirib. İtlər Arif Quliyevin, onunla eyni həyətdə yaşayan anasının və qonşusunun evinə girib.

Arif Quliyevin ifadələrində ziddiyyətlər olub və bu səbəbdən onun növbəti məhkəmə iclasında dindirilməsi barədə qərar verilib.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, azyaşlının yaxınlarının məhkəmədə səmimi ifadələr verməyib: “Təəssüf ki, onlar həqiqətin üzə çıxmasını istəmirlər, bunun üçün çalışmırlar. Elə cinayətin günahsız bir adamın üstündə qalmasına yardım edirlər. Həqiqətləri gizlətdikcə də ziddiyyətlər çoxalır. Məsələn, uşağın anası dindiriləndə demişdi ki, Nərminin əynində axırıncı dəfə yubka, ağ kalqotka olub. Əmisi isə deyir ki, cins şalvar olub.

Ona görə ki, yandırılmış meyitin əynində cins şalvar olub. Bu işə kənardan nəzarət edənlər ziddiyyətlərin ortaya çıxadığını görürlər, onları aradan qaldırmaq üçün istiqamətləndirirlər. Yoxsa necə olur, Arif Quliyev Nərminin bütün geyimlərini yadında saxlayıb, amma qardaşı Şərifin, onun böyük qızının həmin gün əynində olanları xatırlamır?”.

Onun sözlərinə görə, iş materiallarında daha ciddi ziddiyyətli məqamlar var. Nərmin Quliyevanın qan qrupu ilə meyitin qan qrupu fərqlidir.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov