25 Oktyabr 2021 12:38
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin dekabrın 20-də Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində Qürbət İsayevin iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Teleqraf.com-a Sabirabad rayon Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən edilib ki, “MKT İstehsalat Kommersiya” MMC-nin Sabirabad filialının direktoru Ramil Əsədov, həmin filialın sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssisi Ehtiram Xancanov, xam pambığın qəbulu və emalı şöbəsinin baş mühəndisi Zakir Haqverdiyev və həmin şöbənin mexaniki Eynulla Sadıqov tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən filialın operatoru Qürbət İsayevin sağ əlinin qurğunun içərisinə doğru dartılması nəticəsində sonuncu ağır dərəcəli bədən xəsarəti alıb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Ramil Əsədov, Ehtiram Xancanov, Zakir Haqverdiyev və Eynulla Sadıqova Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün rayon məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov