26 Oktyabr 13:38
361

Həbsdə olan bloqer Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Elçin Əliyev ifadə verib.

O bildirib ki, Ata Abdullayev sosial şəbəkələrdə onun haqqında yalan və əsassız rüsvayedici faktlar paylaşıb: "Yanvar ayının sonu idi, mənə dedilər ki, iki nəfər gəlib çəkiliş aparıb. Mən növbəti gün maşında oturub bunları gözlədim. Onlar yenidən gələndə çəkilişi hansı səbəbdən apardıqlarını soruşdum. Mənə dedi ki, əlimdə faktlar var, sən qanunsuz tikinti işləri aparırsan və burda ağacları qanunsuz olaraq çıxarmısan. Mənə dedi ki ya 15 min manat verəcəksən, ya da bu faktları sosial şəbəkələrdə paylaşıb səni biabır edəcəm, milləti üstünə qaldıracam. Fevralın 3-ü zəng edib mənə dedi ki, çəkiliş edib, Ekologiya Nazirliyindən də 2 nəfər nümayəndə gətirib. Dedi ki 15 min manat ver, videonu silim".

Ata Abdullayev isə zərərçəkmişi tanımadığını və ona qarşı səsləndirdiyi ittihamlarla razılaşmadığını deyib.

Hakim Elçin Əliyevin məhkəməyə təqdim etdiyi ərizəsini elan edib. Ərizədə bildirilib ki, zərərçəkmişin işləri olduğuna görə növbəti prosesdə iştirak edə bilməyəcək və qərarı məhkəmənin səlahiyyətinə buraxır.

Digər zərərçəkmiş Cəmil Babayevin sözlərinə görə, Ata Abdullayev onu ağacları kəsməkdə ittiham etməklə pul tələb edib: "Noyabrın ortaları idi, həmin ərəfədə ölkədə güclü külək müşahidə olunurdu. Güclü külək axşam saatlarında Yasamal rayonu Hakim Abbasovdakı obyektimin qarşındakı ağacı maşının üstünə aşırmışdı. Aidiyyatı qurumlara zəng etdim, səhəri günü ağacı kəsib götürdülər. Orda da iş gedirdi, bu zaman Ata Abdullayev əlində telefonla canlı yayım açaraq mənim haqqımda yersiz ittihamlar səsləndirirdi. Bu adam ora gəlib aşmış ağacı mənim adıma çıxartdı, guya ağacı mən kəsmişəm. Məndən 7 min manat pul istədi və dedi ki, yalnız belə olan halda videonu paylaşmayacaq. 2 dəfə çəkiliş edib. Mən Ata Abdullayevi bir dəfə görmüşəm".

Növbəti proses noyabrın 2-də davam edəcək.

İttihama görə, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib.

Ata Abdullayev Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışları ilə bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edib, ondan 10 min manat istəyib.

Son nəticədə 2400 manatlıq “iPhone” 11 Pro Max telefonu alıb.

Bundan başqa, Ata Abdullayev Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 manat tələb edib. O, Şahlar Həsənovu Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Ata Abdullayev aşmış ağacı videoya çəkərək sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul istəyib.

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin martında saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov