26 Oktyabr 2021 15:18
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə İlqar İsmayılovun vəkilləri İlhamə Həsənova və Rəşad Əliyev məhkəməyə vəsatətlər təqdim ediblər.

Müdafiəçilər bildiriblər ki, “İdeal Kompani” MMC-nin 2013-2016-cı illər üçün gündəlik kassa əməliyyatları adlı məlumatlar yaddaş kartına köçürülərək cinayət işi materiallarına əlavə edilib.

İlham Həsənova bildirib ki, müdafiə tərəfi olaraq məhkəmə istintaqının gedişində məhkəməyə İlqar İsmayılov tərəfindən “İdeal Kompani”nin kassasına 18 mart 2014-cü ildə mədaxil edilmiş 1 milyon 13 min 528 manat, 02 aprel 2014-cü ildə 1 milyon 13 min 526 manat, 22.10.2014-cü il tarixdə 1 milyon 500 min, 1 avqust 2013-cü il tarixdə 939 800 ABŞ dolları ödənilməsi ilə bağlı mötəbər sübutlar təqdim edib:

“Eyni zamanda məhkəmədə şahid qismində dindirilən mühasib Samirə Quliyeva və şirkətin maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi – inkassator Həbib Qarayev həmin məbləğlərin İlqar İsmayılovun adından “İdeal Kompani”nin kassasına mədaxil etdiyini təsdiqləyiblər. İttiham tərəfi İlqar İsmayılovu “İdeal”dan 680 min manat mənimsəmədə ittiham edir. Təqdim edilən sənədlərdən görünür ki, İlqar İsmayılov tərəfindən milyonlarla vəsait şirkətə mədaxil olunub”.

Vəkil vəsatətində xahiş edib ki, iş materiallarında olan və yaddaş kartına köçürülən şirkətin gündəlik kassa əməliyyatlarında həmin məbləğlərin mədaxil olduğu günlərə baxış keçirilsin və məsələ məhkəmədə araşdırılsın: “Həmin vəsaitlərin köçürülməsi təsdiqini taparsa, İlqar İsmayılova qarşı mənmisəmə itithamı öz əhəmiyyətini itirir və buna görə də ona bəraət verilməlidir”.

Məhkəmə vəsatəti təmin edib. Qeyd olunub ki, növbəti iclasda yaddaş kartına baxış keçiriləcək.

Vəkil bildirib ki, İlqar İsmayılova qarşı ittihamlardan biri də guya “İdeal Kompani” MMC-dən 1 iyun 2013-cü ildə 280 min manat məxaric edilərək “Şəhər bağları”nda mənzil alınması ilə bağlıdır: “Bu ittiham da tamamilə əsassızdır və həmin məbləğ “İdeal Kompani” üçün icarə haqqı olaraq ödənilməsi üçün çıxarılmışdır və bunu təkzib edən sübutu – ev alqı-satqısını həyata keçirmiş şəxslər arasında razılaşmanı məhkəməyə təqdim edirik. Sənəddə qeyd edilir ki, həmin mənzil 23 aprel 2013-cü ildə sözügedən mənzil İlqar İsmayılov tərəfindən 280 min manata deyil, 1 milyon manata alınıb və vəsait tam şəkildə mənzilin sahibinə ödənilib”.

İlhamə Həsənova həmin sənədi imzalamış şəxslərin məhkəməyə çağırılıb dindirilməsini xahiş edib.

Məhkəmə vəsatətin müzakirəsini növbəti iclasa saxlayıb.

Vəkil İlqar İsmayılovun digər ortağı Zərifə Həmzəyevanın nümayəndəsi Fuad Əliyevin də məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib.

İlqar İsmayılov da vəsatəti dəstəkləyib: “Mənə qarşı ittiham irəli sürülür ki, digər təsisçi Zərifə Həmzəyevaya mənfəət çatdırılmayıb. Lakin bütün fəaliyyət göstərdiyim dövrdə mənfəətlər nümayəndəsi Fuad Əliyev vasitəsilə Həmzəyevaya çatdırıbr. Mənim xeyrimə ifadə verəcək bu şahidin çağırılaraq dindirilməsi ilə bağlı dəfələrlə vəsatət versək də, təmin edilmir. Bu isə mənim ədalətli məhkəmə araşdırması hüququmu pozur. Ona görə də Fuad Əliyevin məhkəməyə çağırılmasını israrla xahiş edirəm”.

Növbəti proses noyabrın 1-də davam edəcək.

İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun basində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov