27 Oktyabr 2021 11:21
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanışını qətlə yetirməkdə ittiham olunan Alyoşkin Ruslan İqoreviçin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin avqustun 31-də, saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Müəyyən edilib ki, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Ruslan Alyoşkin avqustun 30-da, gecə saat 01 radələrində Səbail rayonu Elçin Əzizov küçəsindəki mənzildə tanışları Marat Həmidov və Eldar Qurbanov ilə birlikdə spirtli içki qəbul etdikdən sonra Eldar Qurbanovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürüb.

Ruslan Alyoşkin şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Ruslan Alyoşkinin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov