28 Oktyabr 2021 12:02
16 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 1979-cu il təvəllüdlü Sahib Vəliyev arvadı Könülü intim görüntülərilə şantaj etməkdə təqsirli bilinib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sahib 2012-ci ildən 2018-ci ilədək Könüllə rəsmi nikahda olub.

2020-ci ilin martın ortalarında o, Könülə məxsus evdə cinsi əlaqədə olduqları zaman həmin prosesi telefonun videokamerası vasitəsi ilə çəkib.

Daha sonra video görüntüləri Könülün mobil telefonuna göndərib. Həmin görüntüləri Könülün ailə üzvlərinə göstərəcəyi, haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.

Sahib Könülün işlədiyi Xətai rayonu, Zığ şossesində yerləşən şirkətdə ondan 1800 manat məbləğində pul vəsaitini hədə-qorxu yolu ilə alıb.

Daha sonra Sahib Könüldən 200 manatı tələb edib. Qadının şikayəti əsasında Sahib Xətai rayonununda yerləşən "Bəylik" hamamının qarşısında olarkən polis əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, zərərçəkmiş Könüllə 2012-ci ildə rəsmən ailə həyatı qurub: “2018-ci ildə aramızda yaranmış fikir ayrılıqlarına görə Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə boşandıq. Boşandıqdan 1 il sonra aramızda yenidən ünsiyyət yarandı. Zəngləşdik, görüşdük. Həmin vaxt Könülə məxsus Naxımov küçəsində yerləşən evində cinsi əlaqədə oluduq”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, son zamanlar maddi vəziyyəti ilə əlaqədar yaranmış çətinliyə görə Könüllə razılaşıb və ona verdiyi qızılları, yəni 1 ədəd qızıl sepi, 1 ədəd üzük, 1 ədəd sırğa və 1 ədəd bilərziyi lombarda təhvil verib, əvəzində 2000 manat alıblar: “Həmin puldan 1800 manatı Könül mənə verdi. 2020-ci ildə Könülə zəng etdim, qalan 200 manatı istədim. Könül səhəri gün pulu verəcəyini dedi”.

Sahib qeyd edib ki, ertəsi gün saat təxminən 17-18 radələrində Ukrayna dairəsinin yaxınlığında yerləşən "Bəylik" hamamının qarşısında təyin olunan görüşə gəlib və Könüldən qalan 200 manatı almaq istəyən zaman polis əməkdaşları onu, 35-ci polis bölməsinə dəvət ediblər.

Zərərçəkmiş şəxs qismində ifadə verən Könül bildirib ki, 2012-ci ildə Sahiblə ailə həyatı qurub, 2018-ci ildə aralarında yaranan fikir ayrılığına görə boşanıblar: “Biz boşansaq da, Sahiblə sonradan yenidən görüşmüşük. Sahiblə yaşadığım evdə görüşən zaman könüllü razılıq əsasında cinsi əlaqədə olduq. Təxminən 2020-ci ilin martın ortalarında Sahib bizim cinsi əlaqədə olduğumuz görüntüləri ailə üzvlərimə göndərəcəyi ilə məni hədələdi. Həmin görüntüləri telefonuma göndərdi və evli olan vaxtı verdiyi qızılları geri tələb etdi. Razılaşaraq həmin qızıl məmulatlarını, yəni 1 ədəd qızıl sepi, 1 ədəd üzük, 1 ədəd sırğa və 1 ədəd bilərziyi lombarda təhvil verdim, 2000 manat aldıq. Həmin puldan 1800 manatı Sahibə verdim”.

Zərərçəkmişin sözlərinə görə, sonra Sahib yenidən onunla əlaqə saxlayıb və qalan 200 manatı istəyib: “Sahibin mənə gəldiyi hədə-qorxulardan bezdim və ona verməyə pulum qalmadığından məcbur olaraq 35-ci polis bölməsinə müraciət etdim. Sonra Sahibə zəng edərək həmin gün saat 17-də Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında Neapol küçəsində yerləşən "Bəylik" hamamının qarşısında görüşməyi təklif etdim. Saat 17 radələrində qeyd edilən ünvanda yerləşən "Bəylik" hamamının qarşısında Sahibi polislər yaxaladı”.

Könül ibtidai istintaq zamanı Sahibə qarşı hirsli olub: “Bu səbəbdən həmin dövrdə Sahibin məndən 2400 manat tələb etdiyini səhvən demişəm. Sahibin qohumları mənə 1800 manatı qaytarıblar”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Sahib 3 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov