1 Noyabr 2021 14:35
11 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 1991-ci il təvəllüdlü Fərid qeyri-rəsmi nikahda yaşadığı Fatimə ilə eyni maşında olan Səmədə (adlar şərti verilib – red.) qarşı cinayət törədib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Fərid 23 fevral 2021-ci ildə gecə saat 1 radələrində Abşeron rayonunun Saray qəsəbəsindəki “Üzümlük” yaşayış massivində Səmədin Fatimə ilə birlikdə olduğun “Daewoo Gentra” markalı avtomobilinin qarşısını kəsib. O, avtomobildən qeyri-rəsmi yaşadığı Fatiməni düşürüb.

Fatimənin Səmədlə eyni avtomobildə hansı səbəbdən olmasını aydınlaşdırmaq məqsədi ilə mübahisə edib. Fərid kəllə və yumruqla Səmədin sifət nahiyəsindən bir neçə dəfə vurub. Daha sonra Səmədin üstündə olan 70 manat pulu və 70 manat dəyərində içərisində sim nömrə kartı olmayan “Samsung” markalı “DUOS” modelli mobil telefonu alıb.

“İntim əlaqədə olmuşam”

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda valideynləri ilə bir yerdə yaşayır: “Təxminən 4 ay əvvəl “İnstagram” internet sosial şəbəkəsi vasitəsilə Fatiməni tanıdım. Həmin ərəfədə Fatimə Sumqayıt şəhərində ailəsi ilə birgə yaşayırdı.

Son bir ay ərzində Fatimə Saray qəsəbəsində Üzümlük deyilən ərazidə həyət evində tək yaşayırdı. Arabir onun evinə gedərək birgə vaxt keçirmişik. Fatimə ilə intim əlaqədə olmuşam. Arabir evi üçün lazım olan ərzaq ehtiyaclarını ödəmişəm, amma şəxsi həyatı ilə maraqlanmamışam. Yəni onun məndən başqa kiminlə vaxt keçirməsini bilməmişəm. Bir ay ərzində Fatimənin evində təxminən 5-6 dəfə olmuşam”.

“Mənim pulumu kim verəcək?”

Fəridin sözlərinə görə, fevralın 22-də səhər saatlarında Fatimə ona zəng vurib: “Fatimə bildirdi ki, bu gün görüşərik, mən də onunla razılaşdım. Sonra zəng vurub ondan nə ilə məşğul olduğunu soruşdum. Dedi ki, işi var. Fevralın 23-də gecə saat 1 radələrində Fatimə mənə zəng etdi. Telefonu açanda danışıq olmadı. Lakin telefonda mübahisə səsləri eşitdim. Kimsə qışqıraraq deyirdi ki, rədd ol, düş maşından. Fatimənin də səsi gəlirdi, bildirirdi ki, heç olmasa məni yaşadığım evə qədər aparın, yolda düşürtməyin. Sonra səs kəsildi.

Bu səbəbdən Fatimənin yaşadığı evin yaxınlığına gəldim. Təxminən 10 dəqiqə sonra “Daewoo” markalı taksi nişanlı avtomobil gəldi. Avtomobilə yaxınlaşdım. Qabaq sağ oturacaqda bir nəfər cavan oğlan oturmuşdu. Oğlana yaxınlaşaraq soruşdum ki, nə məsələdir, niyə görə mübahisə edirsən. Oğlan dedi ki, sənə heç bir aidiyyəti yoxdur, özümüz bilərik.

Sürücü dedi ki, mənim yol pulumu kim ödəyəcək. Həmin vaxtı qabaq sağ oturacaqda əyləşən oğlan aşağıda olarkən cibindən bir ədəd köhnə ucuz, ağ rəngli işlənmiş telefonu mənə verdi ki, taksi sürücüsünə verim., Sabah özü sürücü ilə görüşərək pulu ödəyib, telefonu sürücüdən alacaq”.

“Dedim ki, bizi bu işə qatmayın”

Fərid qeyd edib ki, oğlandan telefonu alıb və sürücüyə verib: “Sürücü yerə düşərək bizə yaxınlaşdı və dedi ki, pul məsələsini özümüz həll edərik. Aramızda normal söhbət oldu. Həmin vaxtı Post-Patrul Xidmətinin maşını bizə yaxınlaşdı. Oradan üç nəfər polis əməkdaşı bizə yaxınlaşdı, sorğu-sual etdi. Biz heç bir problemin olmadığını dedik. Sonra polis əməkdaşları getdilər. Sağollaşaraq mən də getdim. Həmin oğlan da taksiyə əyləşərək oradan uzaqlaşdı.

Fatimənin yaşadığı evə yollandıq. Təxminən 15 dəqiqə sonra Fatimənin telefonuna zəng gəldi. Telefonu açanda məlum oldu ki, zəng edən taksi sürücüsüdür. Sürücü bildirdi ki, oğlanı Sumqayıtda “Elmarın dairəsi” adlanan yerdə düşürdüb, həmin şəxsin telefonunu götürüb, pulu ödədikdən sonra qaytaracaq, oğlan elə bilir ki, telefon sizdədir.

Sürücüyə dedim ki, bizi bu işə qatmayın, öz aranızda həll edin. Bundan sonra mənə məlum oldu ki, həmin oğlan barəmdə polisə şikayət verib”.

“İntim əlaqədə oldum, 50 manat ödədim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səmədin sözlərinə görə, Nardaran qəsəbəsində ailəsi ilə birlikdə yaşayır: “Təxminən iki ay əvvəl internetdə çat vasitəsilə Fatimə adlı qızla tanış oldum və görüşərək 50 manat müqabilində Maştağa-Bilgəh yolundakı bağ evimdə görüşdüm. Onunla intim əlaqədə oldum.

Növbəti dəfə fevralın 22-də, axşam saat 20 radələrində Fatimənin istifadəsində olan mobil telefonuna zəng etdim, görüşmək istədiyimi bildirdim. Fatimə mənimlə razılaşdı. Təxminən bir saatdan sonra, yəni saat 21 radələrində Fatimə mənimlə Maştağa-Bilgəh yolundakı bağ evində görüşdük. Evdə tək idim. Fatimə ilə intim əlaqədə oldum, 50 manat ödədim”.

“Əlavə pul istədi...”

Zərərçəkmiş deyib ki, Fatimə onunla saat hesabı danışıb: “Yəni bir saat müqabilində məndən 50 manat istədi. Fatimə ilə bağ evində 2 saat olduq. Buna görə Fatimə bildirdi ki, əlavə 50 manat da verməliyəm. Dedim ki, səni aparıb yola salım, yolda əlavə 50 manat verərəm. Fatimə mənimlə razılaşdı. Bundan sonra istifadəmdə olan mobil telefon vasitəsilə *2111-ə zəng vuraraq taksi sifariş etdik.

Fatimə ilə birgə Maştağa-Bilgəh yolunda “Abu Petrol” yanacaq doldyurma məntəqəsinin yanında taksi gözlədik. Təxminən 15-20 dəqiqədən sonra “Daewoo Gentra” markalı taksi nişanlı avtomobil gəldi. Özüm qabaq sağ oturacaqda, Fatimə isə arxa sağ oturacaqda əyləşdi.

Fatimənin yaşadığı Saray qəsəbəsinə yola düşdük. Saray qəsəbəsi ərazisində “Araz” marketə çatanda taksi sürücüsünə bildirdim ki, avtomobili saxlasın. Çünki bankomatdan pul çıxararaq 50 manat Fatiməyə verməli idim. Fatimə ilə birlikdə taksidən düşdük. Fatimə marketin qarşısında məni gözlədi. Bankomata yaxnlaşdım və orada Fatiməyə 50 manat verməkdən vaz keçdim. Ona görə də bankomatın yanından geri qayıtdım. Fatiməyə bildirdim ki, kartım bloka düşdüyü üçün sənə 50 manat verə bilməyəcəm”.

“Söydü, “pulumu ver” dedi”

Səmədin sözlərinə görə, bundan sonra taksiyə yaxınlaşıb və qabaq sağ oturacaqda əyləşib: “Sürücüyə maşını sürməsini bildirdim. Maşın işə düşəndə arxa güzgüdən Fatimənin arxamızca qaçdığını gördüm, sürücü maşını saxladı. Arxa sağ qapını açan Fatimə salonda oturdu, məni söyərək “pulumu ver” dedi. Dedim ki, üstümdə pulum yoxdur, kartım da bloka düşüb, düş özün evinə get. Fatimənin yolda buraxaraq evə qayıtmaq istədim.

Həmin vaxtı sürücü astadan mənə köhnə, sadə, lakin istifadəyə yararlı ucuz “Samsung” markalı mobil telefon verdi ki, bunu pul əvəzi qıza ver, sonra görüşüb, qızın pulunu ödəyəndən sonra telefonu alarsan. Sürücüdən telefonu aldım, qıza vermək istədim”.

“Özünü polis əməkdaşı kimi təqdim etdi”

Zərərçəkmiş qeyd edib ki, Fatimə həmin telefonu götürməyib: “Bildirdi ki, mənim pulumu ver. Bir qədər sonra qız mənimlə mülayim danışmağa başladı. Məndən xahiş etdi ki, onu yaşadığı evinə aparım, bu gecə onun evində qalım, sabah pul tapıb verərəm. Qızdan ayrılmaq üçün dedim ki, sabah işə gedəcəm, ona görə səninlə görüşə bilmərəm.

Bundan sonra onun xahişi ilə evinə aparmaq üçün Saray qəsəbəsinə yola düşdük. Taksi sürücüsünün verdiyi “Samsung” markalı mobil telefonu əynimdəki gödəkçənin cibinə qoydum. Saray qədəbəsinə Fatimənin yaşadığı evə çatmağımıza az qalmış sürücüdən xahiş etdim ki, maşını saxlasın.

Sürücü maşını saxlamaq istəyəndə Fatimə bildirdi ki, gecə küçədə sahibsiz itlər çox olur, ona görə onu məhəlləyə aparıb, evinin qarşısında düşürdək. Sürücü məhəlləyə dönərkən ağ rəngli “Chevrolet Aveo” markalı avtomobil bizim maşının qabağını kəsdi. Maşının yanında dayanmış bir nəfər cavan oğlan mənə tərəf yaxınlaşdı. Sağ qapını açaraq şalvarımın arxa hissəsində kəmərdən tutdu, dartaraq çölə çıxartdı. Özünü polis əməkdaşı kimi təqdim etdi.

Həmin anda cibimdə olan “Samsung J2” markalı mobil telefonu oturacağın üstünə atdım. Təxminən məni 15 addım qabaqda olan hasara tərəf apardı, küncə söykədi. Sonra əli ilə “Chevrolet Aveo” markalı ağ rəngli avtomobilin sürücünə əli ilə getməsini bildrdi”.

“Qışqırdım ki, məni evimə apar”

Səmədin sözlərinə görə, “Chevrolet Aveo” avtomobili gedib: “Bundan sonra həmin oğlan üstümdə nə var, çıxartmağımı istədi. Əlimi gödəkçəmin cibinə salaraq sürücünün verdiyi “Samsung” markalı mobil telefonu, digər əlimlə isə pulqabımı çıxartdım. Bildim ki, həmin şəxs polis əməkdaşı deyil. Telefonu məndən alaraq cibinə qoydu. Sonra pulqabımı açmağımı tələb etdi. Pulqabını açdım, oradan bir ədəd 20 manat və bir ədə 50 manatı çıxardım. Pulları həmin şəxsə verdim, o da pulu əynindəki gödəkçəsinin cibinə qoydu. Mənə dedi ki, taksidə olan qız onun tanışışıdr, hara istəyirəmsə, oraya göndərirəm, sən nə üçün qızın pulunu kəsirsən?

Sonra həmin şəxs mənə dedi ki, burada dayan, özü isə taksi maşınına tərəf getdi. Onun ardınca gələndə mənə təpindi ki, sənə demədim, orada dayan?.. Həmin şəxs cibindən topa açarları çıxararaq qıza verdi və onu evinə yola saldı. Taksi sürücüsünə də bildirdi ki, sən də, çıx get. Həmin vaxt qışqırdım ki, hara gedirsən, məni gözlə, məni evimə apar”.

“Sabaha 150 manat verə bilərsənmi?“

Səməd qeyd edib ki, taksi sürücüsü maşını bir qədər qabağa verib və üzünü yola tərəf istiqamətləndirərək saxlayıb: “Sürücü düşərək mənə yaxınlaşdı. Oğlana bildirdi ki, sonra görüşüb, borcunu qaytarar. Mən də oğlana dedim ki, nə qədər istəyirsənsə, mən taparaq sənə verərəm, sən də mənim telefonumu qaytararsan. Həmin şəxs dedi ki, sabaha 150 manat verə bilərsənmi? Dedim ki, taparam.

Bu vaxt bizə post-patrul xidməti maşını yaxınlaşdı. Üç nəfər polis əməkdaşı yaxınlaşaraq burada dayanmağımızın səbəbini soruşdu. Sürücü ilə birlikdə bildirdik ki, bu şəxsdən dəniz yolunu soruşuruq. Polis əməkdaşları getdilər. Taksiyə minib oradan uzaqlaşdıq. Sürücüdən soruşdum ki, telefonu oturacağın üstünə qoymuşdum, indi tapa bilmirəm. Sürücü dedi ki, yəqin qız düşəndə telefonu götürüb. Üstümdə pul olmadığına görə Sumqayıt şəhərində “Elmar” dairəsi deyilən yerdə düşdüm”.

Səmədin ifadəsinə görə, oradan piyada Nardaran qəsəbəsinə gedib: ”Səhərə yaxın evə çatdım. Səhər anamın evinə getdim. Orada anam bildirdi ki, gecə saat 4 radələrində bir nəfər şəxs mənim mobil telefonumla zəng vurub, özünü taksi sürücüsü kimi təqdim edib və bildirib ki, oğlun bütün gecəni taksi ilə şəhəri gəzib, lakin pulunu ödəməyib, gəlsin pulu ödəsin və telefonu geri alsın.

Başa düşdüm ki, məni döyən şəxs anama zəng vurub və 150 manat istəyib. Bu səbəbdən ertəsi gün Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurdum, hadisə barədə məlumat verdim. Sonradan isə mənə məlum oldu ki, həqiqətən də taksi sürücüsü anama zəng vurub. Telefonum isə taksidə qalıb.

Öyrəndim ki, məni döyən şəxs 70 manatımı və sürücünün mənə verdiyi köhnə, ucuz içərisində sim nömrə kartı olmayan “Samsung” markalı mobil telefonu əlimdən alıb”.

“Pul müqabilində intim əlaqədə oldum”

Cinayət işi üzrə şahid qismində ifadə verən Fatimənin sözlərinə görə, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, “Oba” marketin yaxınlığnda yerləşən həyət evində kirayə yaşayır: “Təxminən 4 ay olar ki, “İnstagram” internet sosial şəbəkəsi vasitəsilə Fərid adlı oğlanla tanış olmuşam və aramızda normal münasibətlərimiz yaranıb.

Evdə tək qaldığım üçün arabir Fərid gələrək mənim evimdə qalıb. Təxminən iki ay əvvəl “İnstagram” internet sosial şəbəkəsi vasitəsilə Səməd adlı şəxslə tanış oldum. Həmin ərəfələrdə Səmədin dəvəti ilə yaşadığı Maştağa qəsəbəsində olan evində oldum. Pul müqabilində Səmədlə intim əlaqədə oldum. Bir-birimizə telefon nömrələrimizi verdik”.

“Dedi ki, get nə istəyirsən elə”

Fatimənin sözlərinə görə, növbəti dəfə fevralın 22-də, axşam saatlarında Səməd ona zəng vurub: “Səməd mənimlə vaxt keşirmək istədiyini bildirdi. Razılaşdım, saat 21 radələrində taksi ilə Səmədin yaşadığı evinə getdim. Əvvəlcədən Səmədə bildirmişdim ki, bir saat müqabilində mənə 50 manat pul verəcəksən. Lakin 2 saat vaxt keçirdik. İntim əlaqədə olduqdan sonra Səməd bildirdi ki, Novxanıda işləyirəm, yolda bankomatdan pul çıxarıb, sənə 100 manat verərəm. Onunla razılaşdım.

Mənim telefonumla taksi çağırdıq, yola düşdük. Saray qəsəbəsində “Araz” marketin qarşısında maşını saxladı və mənə dedi ki, burada gözlə, mən bankomatdan pul çıxarıb, gəlirəm. Orada gözləyən zaman bir də onu gördüm ki, Səməd maşınına əyləşərək qaçmaq istəyir. Taksinin yola düşdüyünü gördüm, dalınca qaçdım.

Sürücü bunu görərək maşını saxladı. Arxa sağ oturacaqda əyləşdim. Orada Səmədlə mübahisə etdim, bildirdim ki, pulumu ver, səndən şikayət edəcəm, mənim vaxtımı alrısan. Səməd isə dedi ki, get nə istəyirsən elə”.

Fatimənin sözlərinə görə, bu zaman onun telefonuna Fərid zəng vurub, ondan nə olduğunu soruşub: “Səmədlə aramda olan söhbəti Fəridə danışdım və bildirdim ki, mənim pulumu vermək istəmir. Fərid məndən harada olduğumu soruşdu. Cavab verdim ki, Saray qəsəbəsində yerləşən “Araz” marketin qarşısındayam. Yolda Səməd mənə ağ rəngli işlənmiş ucuz “Samsung” markalı mobil telefonu verdi ki, pulun əvəzinə bunu götür. Mən isə götürmədim. Sonra öz telefonunu təklif etdi, yenə götürmədim.

Fərid mənə demişdi ki, çalış maşını evinə tərəf sürdür, görüm həmin oğlan kimdir, niyə görə sənin pulunu vermək istəmir. Səmədə dedim ki, məni evimə apar, sonra get. Biz Saray qəsəbəsinə gəldik. Məhəlləyə dönərkən orada ağ rəngli xarici markalı avtomobili gördük. Maşının arxasında Fərid dayanmışdı.

Fərid Səmədi maşından dartaraq çıxartdı və bir qədər aralıya apardı. Taksi sürücüsü mənə dedi ki, ödənişi siz ödəyəcəksiniz, yoxsa oğlan ödəyəcək? Bildirdim ki, mənim pulumu da verməyib, sizə də pul verib-verməyəcəyi bəlli deyil.

Bundan sonra Fərid geri qayıtdı və bir az əvvəl Səmədin mənə təklif etdiyi köhnə ucuz “Samsung” markalı mobil telefonu sürücüyə verdi, bildirdi ki, yol pulu əvəzi götür və get. Səməd də Fəridə bildirdi ki, 70 manatı sənə verdim, qalan 30 manat da sabah verərəm. Həmin vaxtı Fərid cibindən mənim evimin açarlarını çıxardaraq verdi və bildirdi ki, evə get. Mən evə getdim, Fərid orada qaldı.

Sonradan nə olduğunu bilməmişəm. Fəridin Səmədi vurmasını və ya onların dalaşmağını görməmişəm”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Fəridin ittiham olunduğu Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi həmin məcəllənin 180.1-ci (soyğunçuluq) maddəsinə tövsif edilib.

Fəridin barəsində 1 il 10 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər