Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini – 1-ci şöbənin rəisi Yasin Məmmədovun istintaqa verdiyi ifadə məlum olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Yasin Məmmədov işlədiyi dövrdə iş adamlarını nazirliyə çağırmaqda, hədə-qorxu yolu ilə onların əmlakını ələ keçirməkdə ittiham edilir.
Yasin Məmmədov istintaqa verdiyi ifadəsində özünü təqsirli bilməyib. O, iş adamı Rauf Həsənovun epizodu üzrə ona qarşı verilən ittihamları təkzib edib. Qeyd edib ki, Rauf Həsənovla bağlı onun icraatında hər hansı bir material olmayıb.
Yasin Məmmədov ifadəsində göstərib ki, 1-ci şöbənin rəisi vəzifəsində işlədiyi dövrdə müxtəlif ölçülü pirotexniki məmulatlar və digər məişət mallarının qaçaqmalçılıq yolu ilə ölkəyə gömrük nəzarətindən gizli keçirilməsi faktı əsasında nazirliyin İstintaq Baş İdarəsinin rəis müavini, ibtidai istintaq idarəsinin rəisi Təhsin Ağayev tərəfindən Cahangir Məmmədov və digərlərinin başlanmış cinayət işi üzrə istintaqın aparılması onun icraatına verilib:
“Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Cahangir Məmmədova hədə-qorxu gəlib, həbsdən azad olunması üçün qardaşı Məzahir Məmmədov vasitəsi ilə hər hansı bir məbləğdə, formada pul almamışam, istəməmişəm və tələb etməmişəm. Bu məlumatlar barəmdə böhtan və şər xarakteri daşıyır.
Cahangir Məmmədov və digər şəxslər barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ibtidai istintaq aparılan cinayət işi üzrə MTN-in rəhbərliyinin, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ümumi razılığı əsasında Cahangir Məmmədovun təcridxana şəraitində saxlanılmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar xəstəxana şəraitində müalicə olunub.
İstintaq orqanına təqdim olunmuş tibbi sənədlər əsasında təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Cahangir Məmmədovun barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz olunub. Həmin iş üzrə ibtidai istintaq yekunlaşdırılıb, Cahangir Məmmədov və mütəşəkkil dəstənin digər üzvlərinə yekun ittiham verilib. Cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib, sonra ittiham aktı ilə birlikdə adiyyəti üzrə məhkəməyə göndərilib.
Cahangir Məmmədov və digər şəxslər məhkəmənin hökmünə əsasən təqsirli biliniblər, müxtəlif növ cəzalara məhkum olunublar”.
Yasin Məmmədov əlavə edib ki, sahibkar Orxan Abdullayevə hədə-qorxu gəlib, həbsdən azad olunması üçün atası Elman Abdullayev vasitəsi ilə hər hansı məbləğdə pul almayıb: “Orxan Abdullayev və digər şəxslər barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə MTN rəhbərliyi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ümumi razılığı ilə Orxan Abdullayevi təcridxana şəraitində saxlanılmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən həbs qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz edilib.
İş üzrə ibtidai istintaq Orxan Abdullayev və digər şəxslər barəsində yekunlaşıdırlıb, baxılması üçün məhkəməyə göndərilib”.
Yasin Məmmədovun sözlərinə görə, MTN-də işlədiyi dövrdə müxtəlif ölçülü pirotexniki məmulatlar və digər məişət mallarının qaçaqmalçılıq yolu ilə ölkəyə gömrük nəzarətindən gizli keçirilməsi faktı əsasında MTN-in İstintaq Baş İdarəsinin rəis müavini, ibtidai istintaq idarəsinin rəisi Təhsin Ağayev tərəfindən Sərdar İsmayılov və digər şəxslərin barəsində başlanmış cinayət işi üzrə istintaq aparılması üçün onun icraatına verilib: “Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Sərdar İsmayılovun dayısı Vidadi Salmanov və dostu Vüqar Mənəfovdan hər hansı bir məbləğdə pul almamışam. Onlardan pul istəməmişəm və tələb etməmişəm”.
Yasin Məmmədovun ifadəsinə görə, qaçaqmalçılıqda ittiham olunan Əfsəl Həsənəliyev və digərlərinin barəsində başlanmış cinayət işi üzrə istintaq aparılması onun icraatına verilib: “Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Əfsəl Həsənəliyevdən hər hansı məbləğdə və formada pul almamışam. Ondan pul istəməmişəm, tələb etməmişəm”.
Yasin Məmmədov ifadəsində zərərçəkmiş Azad Rəşidovun ondan pul tələb olunması barədə dediklərini təkzib edib: "Azad Rəşidovdan pul tələb etməmişəm, almamışam. Azad Rəşidovu cinayət işinin mahiyyəti üzrə xidməti otağımda müstəntiqlərlə birlikdə qəbul etmişəm, şifahi sorğu-sual etmişəm”.
Yasin Məmmədov deyib ki, sahibkar Məhəmməd Hüseynovdan hədə-qorxu yolu ilə pul tələb etməsi barədə dedikləri həqiqəti əks etdirmir.
Qeyd edib ki, Məhəmməd Hüseynovu müstəntiqlərlə birlikdə xidməti otağında qəbul edib, onu şifahi sorğu-sual edib.
Yasin Məmmədov həmçinin ifadəsində sahibkar Ağasalam Ağamalıyevdən hədə-qorxu yolu ilə pul tələb etmədiyini göstərib.
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, ibtidai istintaq idarəsinin rəis müavini – 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.
Cinayət işi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.
Qeyd edək ki, Yasın Məmmədovun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 102 min 200 manat dəyərində Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı evin, 104 min 400 manat dəyərində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 2a saylı evin 65,3 kv.metr sahəsi olan mənzilin üzərinə həbs qoyulub.
Bundan başqa, MTN zabitinin qohumu Fərid Məmmədovun adına rəsmişəldirilmiş 72 min manat dəyərində Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5490 ünvanında yerləşən 12 hektar torpaq sahəsi müəyyən edilib və üzərinə həbs qoyduğu müəyyənləşib.
Yasin Məmmədova məxsus ümumilikdə 278 min 600 manat məbləğində əmlakın üzərinə məhkəmə qərarı ilə həbs qoyulub və xüsusi müsadirəyə təklif olunub.
Yasin Məmmədov Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədovun qardaşıdır.