Bakıda hoteldə müğənnini qətlə yetirməkdə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə bu il iyulun 16-da paytaxtın Nizami rayonu ərazisindəki hotellərdən birində baş verib.
Bakı şəhər sakini Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib.
Əli Məmmədov qadına 23 bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.