3 Noyabr 2021 16:00
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və nazirliyin digər vəzifəli şəxsləri tərəfindən iş adamı Əhməd Mirzəyevə qarşı qanunsuz hərəkətlər etmələri müəyyən olunub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əhməd Mirzəyev istintaqa verdiyi ifadəsində bildirib ki, təxminən 2009-cu ildən “Santemax” MMC-nin təsisçisi və direktoru Tural Musayevin müavini vəzifəsində işləyib:

“MMC-nin fəaliyyəti tikinti, o cümlədən kafel-metlax, santexnika materiallarının pərakəndə satışından ibarət olub. Ofis və mağazası Xətai prospektində yerləşir. Miliyyətcə gürcü olan tələbə yoldaşım Lento 2010-cu il fevralın sonları, martın əvvəllərində mənə zəng etdi. Mənə qranit materiallarından balta hədiyyə etmək istədiyini, həmin hədiyyənin Gəncə şəhərində olduğunu, onu mənə adını bilmədiyim şəxsin çatdıracağını bildirdi. Dedi ki, hədiyyənin yanında qızıldan hazırlanmış qoyun və keçi fiquru da var, fiqurlar Bakı şəhərində yaşayan Zaur adlı şəxsə çatacaq. Xahiş etdi ki, fiqurların müqabilində Zaurdan 1500 dollar alıb ona göndərim”.

Zərərçəkmiş deyib ki, təxminən martın 17-də, günorta saatlarında ona adını xatrılamadığı şəxsdən zəng gəlib: “O, hədiyyə olunan baltanı və yanındakıları gətirdiyini bildirdi. Mən də işlədiyim ofisin yanında taksi fəaliyyəti ilə məşğul olan, mənə sürücü kimi köməklik göstərən Arifə avtovağzaldan həmin hədiyyə və əşyaları götürməyi tapşırdım. Arif həmin əşyaları avtovağzaldan götürərək mənə çatdırdı.

Zaura zəng vurdum, onun üçün qoyun və ya keçi fiquru gəldiyini dedim. Həmçinin baltanın qiymətini öyrənmək üçün Zaurdan köməklik istədim. Zaur da baltanın qiymətinin təxminən deyə biləcəyini söylədi. Zauru tanımadığım üçün baltanı ona qiyməti öyrənmək üçün Arif adlı şəxslə göndərəcəyimi dedim”.

Əhməd Mirzəyev bildirib ki, təxminən martın 18-də Zaura aparıması üçün baltanı, qoyun və ya keçi fiqurunu Arifə verib: “Arif balta və fiqurları götürərək Zaurun evinə getdi. Təxminən 2-3 saat sonra Arif mənə zəng etdi, Zaurun evi qarşısında olarkən MTN əməkdaşlarının basqına məruz qaldıqlarını, orada axtarış aparıldığını, MTN əməkdaşlarının mənə aid baltanı da götürdüklərini bildirdi.

Arifin bu zəngindən 2-3 saat sonra Zaur mənə zəng etdi, Bakı şəhərində Təbriz küçəsində yerləşən “Məxməri” kafesində görüş təyin etdi. Orada görüş zamanı Zaurdan bu məsələyə aydınlıq gətirməsini tələb etdim. Zaur həmin baltanın qiymətini təyin etməyə gələn şəxsin yəqin MTN adamı olduğunu və MTN-in əməkdaşlarının həmin baltanı götürdüklərini bildirdi”.

Zərərçəkmiş deyib ki, ertəsi gün səhər vaxtı özünü MTN-in antiterror mərkəzinin əməkdaşı kimi təqdim edən Mamay adlı şəxs ona zəng edib və onu nazirliyə dəvət edib: “Həmin gün saat 11 radələrində MTN-ə getdim. MTN-in komendaturasında qeydiyyata alındıqdan sonra bir nəfərin müşayəti altında məni nazirliyin binasına apardılar. Orada Mamay məndən izahat aldı, video çəkiliş oldu. Çəkiliş zamanı mənə çoxlu sayda qızıl əşyaları, qoyun və ya keçi fiquru, həmçinin balta təqdim olundu. Qətiyyətlə həmin əşyaların mənə məxsus olmadığını dedim”.

Əhməd Mirzəyevin ifadəsinə görə, martın 27-də yenidən Mamay adlı şəxs ona zəng edib, MTN-ə çağırıb: “Məni birbaşa MTN-in istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyevin otağına aparıldım. Mövlam Təhsin Ağayev adlı şəxsi çağırdı. Həmçinin Mövlam mənimlə işin halları ilə bağlı qısa söhbət edərək iobyektiv ifadə verməli olduğumu bildirdi, Təhsinə mənim izahatımı almağımı tapşırdı.

Təhsin məni əvvəl öz otağına gətirdi. Orada Təhsin və Mövlamın bizneslə məşğul olduğumu bildikləri mənə aydın oldu. Bundan sonra məni müstəntiq Elşən Murtuzovun yanına gətirdilər. Orada müstəntiq mənim ifadəmi aldı. İfadəm alınarkən Təhsin Ağayev “sənin nə bizneslə məşğul olduğunu bilirik, pul vermədən burdan çıxa bilməyəcəksən, cənab nazir Eldar Mahmudovun göstərişidir, onun nəzarətində olan işdir, 500 min dollar verməlisən, həmin pul nazir Eldar Mahmudova çatacaq” – deyə bildirdi.

Mən bu məbləğdə pulu verə bilməyəcəyimi dedim. Həmin gün şübhəli şəxs kimi tutuldum. İki gün sonra barəmdə həbs qətimkan tədbiri seçildi”.

Əhməd Mirzəyev deyib ki, həbsdə olduğu müddətdə Təhsin Ağayev onu tez-tez onu öz otağına gətizdirib, azadlığa buraxılması üçün təkidlə ondan 500 min dollar tələb edib: “Əks halda ən azından 8 il azadlıqdan məhrum olunacağımı bildirdi. Uzun söhbətlərdən sonra 500 min dollar müqabilində məni həbsdən azad edəcəyinə söz verdi. Mən də çıxılmaz vəziyyətdə qalaraq razılaşdım.

Vəkilim Sabir adlı şəxslə şifahi formada qardaşım Xəqaniyə həbsdən azad olunmağım üçün 500 min dollar taparaq Təhsin Ağayevə verməsi barədə xəbər göndərdim. Almaniyada yaşayan digər qardaşım Sultan “Azərqazbank” ASC-nin sədri Çingiz Əsədullayevlə münasibətləri olduğuna görə həmin ərəfədə ondan kredit xəttinin açılmasını xahiş etdi.

Çingiz Əsədullayev mənə məxsus “Santemax” MMC-yə təqribən 250-300 min dollarlıq kredit xətti açdı. Xəqani həmin kredit xəttindən 250 min dollar məbləğində vəsait götürdü. Üzərinə də özündən pul qoyaraq ümumilikdə 375 min manat məbləğində pulu hazırladı. Bildiyim qədəri ilə Xəqani 14 və yaxud 15 apreldə Təhsin Ağayevə zəng edərək 375 min manat məbləğində pulun hazır olduğunu, MTN-in binasının yanında gözlədiyini bildirib. Təhsin Ağayev də öz adamını göndərib, həmin adam Xəqanidən pulu alıb”.

Əhməd Mirzəyevin ifadəsinə görə, aprelin 15-də Təhsin Ağayev onu xidməti otağına gətizdirib: “Təhsin Ağayev dedi ki, pul çatıb, səni azad edəcəyik. Həqiqətən də həmin gün saat 12-13 radələrində MTN-dən azadlığa buraxıldım”.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, ibtidai istintaq idarəsinin rəis müavini – 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Cinayət işi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, cinayət işində adı keçən Çingiz Əsədullayev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır.

Çingiz Əsədullayev 2015-ci ilə kimi deputat olub. O, 90 saylı Ağdaş seçki dairəsindən deputat seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər