4 Noyabr 2021 11:20
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda özgənin əmlakını mənimsəməkdə və külli miqdarda vergidən yayınmaqda ittiham olunan “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Füzuli Adıgözəlovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Füzuli Adıgözəlov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Türkiyə Respublikası vətəndaşının müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Füzuli Adıgözəlovun 2011-2015-ci il tarixlərdə MMC-nin adına Türkiyə Respublikasından müxtəlif məhsullar idxal edib, “Güllübulaq” MMC-nin anbarına mədaxil etmədən həmin Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla da, “Güllübulaq” MMC-ə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Füzuli Adıgözəlovun Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da əsaslı şübhələr yaranıb.

İstintaq orqanı tərəfindən Füzuli Adıgözəlovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər