Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən 45 yaşlı Yaqub Həsənovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin iyulun 31-də Xəzər rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Maştağa-Buzovna yolu, Albalılıq adlanan ərazidə qeydə alınıb.
Yaqub Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobilə nəzarəti itirərək onu yol kənarında olan işıq dirəyinə çırpıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin 44 yaşlı Etibar Quliyev ölüb.
Əraziyə təcili yardım avtomaşını gələnə qədər naməlum şəxs “VAZ 21011” markalı avtomobillə yaralını və hadisə nəticəsində dünyasını dəyişən sərnişinin meyitini götürərək oradan uzaqlaşıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, qəza sürücünün avtomobili içkili halda yüksək sürətlə idarəetməsi səbəbindən baş verib. Xəzər rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Yaqub Həsənov həbs edilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Yaqub Həsənovun anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı noyabrın 25-nə təyin olunub.
Hacı Zeynalov