Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Səfərov Emin Ehtiram oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxslərdən biri- Yusifov Zaur Əli oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Bildirilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 8 oktyabr tarixli hökmü ilə təqsirləndirilən şəxs - Zaur Yusifova Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib, digər təqsirləndirilən şəxs - Həsən Tağıyev isə CM-in 120.2.4 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilib.
Qeyd edək ki, ittihama görə, 2019-cu il mayın 9-da saat 23 radələrində Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı müxtəlif vaxtlarda Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.
İstintaq zamanı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən cinayətin digər iştirakçısı 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub.
Aparılmış istintaq zamanı Emin Səfərovun qəsdən öldürülməsində Həsən Tağıyev və Zaur Yusifovdan başqa hər hansı şəxs və ya şəxslərin iştirakı müəyyən edilməyib.
Müəyyən edilib ki, 1958-ci il təvəllüdlü Əli Yusifovun oğlu Zaur və Həsən Tağıyevlə mərhum Emin Səfərov arasında olan münasibətlərdən məlumatı olmuş və tərəflər arasında barışıq olması üçün dəfələrlə səy göstərib.
Mayın 9-da saat 23:20 radələrində yaşadığı evə gedərkən Emin Səfərovu Binəqədi rayonu İsrafil Həşimov küçəsində yerləşən 8 saylı binanın yaxınlığında “BMW X5” markalı avtomobilin sükanı arxasında görüb və avtomobilə əyləşərək ondan aralarında olan ədavətə son qoyulmasını xahiş edib.
Bu zaman Zaur və Həsən avtomobilə yaxınlaşaraq Emin Səfərova bıçaq zərbələri vurub.
O, münaqişənin qarşısını almaq istəyərkən özü də sağlamlığa yüngül zərərvurmaya aid bıçaq xəsarəti almış və yaşadığı evə gedərək daha sonra tibbi yardım almaq üçün oğlu Zamin Yusifov tərəfindən xəstəxanaya aparılıb.
Qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.
Qeyd edək ki, kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlinin sifarişçisi, qətlin icraçısı isə Həsən Tağıyev olub.
Zaur Yusifov sələmə pul verməklə məşğul olub. Elə hadisənin törədilməsində səbəb də sələmə pul vermək üstündə yaranıb. Hadisədən əvvəl Emin Səfərov Zaur Yusifovdan hadisədən əvvəl Emindən sələmə pul verməyi dayandırmasını tələb edib.
Bu mübahisə sonda dəhşətli qətlin baş verməsi ilə nəticələnib.
Qeyd edək ki, qətlə yetirilən Emin Səfərov kriminal aləm də “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adam olub.