Bakıda taksi sürücülərini aldadaraq pul alan 18 yaşlı qız saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, bir neçə gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə məlumat paylaşılıb ki, Bakı şəhəri ərazisində yeniyətmə qız taksi xidmətlərindən istifadə edərək gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəmədən, o cümlədən müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olaraq qayıtmır.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin qızın paytaxtın Yasamal rayonunda yaşayan 18 yaşlı Səriyyə İsmayılova olması müəyyən edilib:
"O, saxlanılaraq polis idarəsinə gətirilib və törətdiyi hüquqazidd əməlləri etiraf edib.
Onu da qeyd edək ki, S.İsmayılovanın hüquqazidd əməlləri ilə bağlı Bakı şəhəri üzrə ərazi polis orqanlarına heç bir şikayət xarakterli müraciət daxil olmayıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir", - məlumatda bildirilir.