Tərtər rayonunda 1984-cü il təvəllüdlü Səlim Əsədov qısqanclıq zəminində arvadı Röyaləni qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Səlim Tərtər rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Röyalənin boşandıqdan sonra azyaşlı övladları ilə birlikdə Tərtər rayonunun, Şıxarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki digər evdə yaşayan keçmiş arvadı Röyalənin maddi təminatını ödəməsi üçün günəmuzd qaydada alaqçılıq fəaliyyəti ilə məşğul olmasından guya narahatlıq hissi keçirib.
Bu səbəbdən o, Röyalə ilə mübahisə edib, onun normal həyat fəaliyyətinə müdaxilə edib, fiziki və mənəvi sağlamlığına qəsd edib.
Səlim Röyalənin heç bir əsaslı səbəb olmadan ona xəyanət etməsi qənaətinə gəlib. O, keçmiş həyat yoldaşını öldürmək məqsədilə 6 sentyabr 2020-ci ildə gecə saat 03 radələrində ehtiyat açar vasitəsilə Röyalənin yatdığı yataq otağına girib.
“Məni saymadığını müşahidə etdim”
Onu gördükdə oyanaraq ayağa qalxan və müqavimət göstərən Röyalənin boğazından tutaraq kürəyi üstə yatdığı yerə uzadıb, onu boğaraq öldürüb.
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim özünü Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə deyil, Məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) mаddəsi ilə təqsirli bilib.
O, ifadəsində göstərib ki, təxminən 10-11 il əvvəl Röyalə ilə ailə qurub, birgə nikahdan üç övladları dünyaya gəlib: “Biz 2017-ci ilədək birlikdə yaşamışıq. Birgə yaşadığımız dövrdə münasibətlərimiz yaxşı olub. Bir müddət sonra çoban işləmək üçün Şəki rayonuna getdim. Lakin Röyalə mənimlə getməkdən imtina etdi, Şıxarx qəsəbəsində qaldı. Bu barədə ona irad bildirsəm də, mənə məhəl qoymayaraq Şəki rayonuna getmədi.
Şəki rayonundan qayıtdıqdan sonra Röyalənin mənə qarşı münasibətinin dəyişdiyini, məni saymadığını müşahidə etdim”.
“Evə gec qayıdırdı, şübhələndim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Röyalənin kiminləsə qeyri-rəsmi münasibət saxlaması ilə bağlı şübhələr oyanıb: “Bu səbəbdən bizim aramızda bir neçə dəfə dava-dalaş oldu. Röyalə həmin vaxt boşanmaq üçün məhkəməyə iddia ərizəsi verdi, rəsmi qaydada boşandıq və həmin dövrdən ayrı yaşamağa başladıq. Məcburi köçkün olduğum üçün dövlət tərəfindən verilən üçotaqlı evi Röyalə və övladlarıma qoyub qonşuluqda qardaşım Kərimlə birlikdə onun evində yaşamağa başladım.
Röyalə boşandıqdan sonra ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrində alaq otlarının təmizlənmnəsi işi ilə məşğul olmağa başladı. Röyalə işləmək üçün getdiyi vaxtlarda uşaqları evdə qoyaraq qapını bağlayıb gedib. Onun bu hərəkətindən narazı oldum.
Röyalə alaq təmizləməkdən axşam saatlarında qayıdırdı. Digərləri səhər saatlarında işə gedib, günorta işi qurtararaq evlərinə dönürdülər. Mən də bunu bildiyim halda Röyalənin axşam saatlarında evə qayıtmasından, onun başqa şəxslərlə münasibət saxladığını düşündüm”.
“Pis yola düşməməsini məsləhət gördüm”
Səlim ifadəsində qeyd edib ki, bir dəfə Röyalə kiminləsə telefonda danışarkən ona irad bildirib: “Röyalə bacısı ilə danışdığını dedi. Ona qız övladları olmasını xatırladaraq pis yola düşməməsini məsləhət gördüm. Lakin öz bildiyini etdiyinə görə hadisədən təxminən bir ay əvvəl onu öldürmək qərarına gəldim. Bir neçə dəfə Röyaləyə onu öldürəcəyimi dedim”.
Səlimin ifadəsinə görə, hadisədən təxminən bir ay əvvəl Röyalə Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə müraciət edib, onun barəsində şikayət edib:
“Bu barədə Tərtər rayon polis şöbəsində araşdırma aparıldı. Dəfələrlə Röyaləyə “Sənin qızların var, sən onların namusunu düşünmürsən” dedim. Röyalə isə “Yaxşı edirəm, sən mənim işimə qarışa bilməzsən” deyə cavab verdi, məni təhqir etdi.
Röyalənin başqa şəxslərlə münasibət saxlamasını bir neçə şəxsdən eşitmişdim. Həmçinin o, son zamanlar saymazyana yanımda başqa şəxslərlə danışırdı. Dəfələrlə Röyaləyə öldürəcəyimi demişəm, özünü yığışdırması barədə xəbərdarlıq etmişəm”.
“Namusumu təmizləmək məqsədilə onu öldürmək istədim”
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən təxminən on gün əvvəl yenidən Röyaləyə xəbərdarlıq edib: “Dedim, özünü ələ al, yoxsa səni elə öldürəcəyəm, heç kim mənim etdiyimi bilməyəcək. Röyaləni namusumu təmizləmək məqsədilə öldürmək istəyirdim. Bu məqsədlə münasib vaxt axtardım.
Övladlarım çox vaxt Röyalənin yanında olduğuna görə məqsədimi reallaşdıra bilməmişəm. Hadisədən təxminən iki gün əvvəl Röyalə övladları ilə birlikdə Bərdə rayonunda yaşayan bacısının evinə getdi”.
“Röyaləni öldürməyi planlaşdırdım”
Səlim bildirib ki, sentyabrın 5-də, saat 07.00-da qardaşı Əsəd, dostu Nəsib və Sabirlə birlikdə Tərtər mərkəzi bazarının arxasındakı tikintidə fəhlə işləməyə gedib:
“Biz saat 19-20 radələrində yaşadığımız Tərtər rayonu Şıxarx qəsəbəsinə qayıtdıq. Sonra qardaşım Kərimlə birlikdə yaşadığımız evə gəldik. Kərim mənə övladlarımın Bərdə rayonundan gəldiklərini dedi. Mən də oğlum Sənanı görmək istədim. Lakin Sənanı görməyə getsəm, Röyalə məndən şikayət edəcəyini fikirləşdim.
Həmin an Röyalədən canımı qurtarmaq üçün onu öldürməyi düşündüm. Axşam Kərimlə çay içdikdən sonra öz yatağıma uzanaraq bir az yatdim. Gecə saat 02.00-da yuxudan oyandım. Röyalənin yaşadığı evə daxil olaraq onu öldürməyi planlaşdırdım”.
“Uşaqlar qandan qorxar deyə...”
Səlimin ifadəsinə görə, bu məqsədlə Röyalə və uşaqlarının yaşadıqları evi təmir edərkən tapdığı qapı açarını özü ilə götüüb: “Saat 03.00-da evin həyətinə daxil olduqdan sonra özümlə götürdüyüm açarla qapını açdım, evə girdim. Övladlarım evin giriş qapısı ilə üzbəüz qonaq otağından sol tərəfdəki yataq otağında yatmışdılar.
Evin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağına girdim. Dəhlizdə işıq yandığı üçün həmin otağa işıq düşürdü. Röyalə ayaqlarını qapıya doğru uzadaraq döşəməyə salınmış xalçanın üzərində yatmışdı. Əvvəlcə onu balta və ya bıçaq vasitəsilə öldürməyi fikirləşsəm də, sonradan uşaqlarım qan görərək qorxacaqlarını düşündüyümdən onu boğaraq öldürmək qərarına gəldim.
Röyalə məni görən kimi yatdığı yerdən qalxıb qışqırmaq istədi. Dərhal sol əlimlə ağzını tutdum, sağ əlimlə isə boğazından yapışaraq yerə yıxdım. Yerdə əlimlə onu boğmağa başladım. Başının altındakı yastığı çəkərək üzünə qoydum və sonra sıxdım. Dizlərimi isə tərpənə bilməməsi üçün ayaqları üzərinə qoydum. Röyalənin səsi çıxmadı və uşaqlar onu öldürməyimi görmədilər.
Hadisə zamanı Röyalə xırıldadı, əli ilə boğazımın sol tərəfini cırmaqlamaqla müqavimət göstərmək istədi. Onun öldüyünə əmin olduqdan sonra meyiti üzü üstə çevirdim, qardaşım Kərimin evinə gedərək yatdım”.
“Orada yaşaya bilmədi”
Cinayət işi üzrə mərhum Röyalənin hüquqi varisi qismində bacısı tanınıb. O, istintaqa verdiyi ifadəsində göstərib ki, Röyalə ögey bacısıdır: “Röyalə təxminən 10 il əvvəl Kəlbəcər rayonundan məcburi köçkün düşərək Tərtər rayonu Şıxarx qəsəbəsində məskunlaşan Səlimlə ailə qurub və həmin nikahdan üç övladı dünyaya gəlib.
Röyalənin maddi vəziyyətini nəzərə alaraq övladlarını növbə ilə apararaq yanımda saxlamışam.
Səlim əvvəllər fəhləlik edərək ailəsinə baxıb, boşanmazdan əvvəlki vaxtadək onlar mehriban yaşayıblar. Təxminən dörd il əvvəl Səlim fermada işləmək üçün Şəki rayonuna getdi, Röyalə də əri və övladları ilə birlikdə gedərək bir müddət Şəki rayonunda yaşadı. Lakin fermanın yaşamaq üçün normal şəraiti olmadığından Röyalə geri qayıtdı”.
“Qadın belə olar, sən bunların əlinə su tökməyə yaramırsan”
Mərhumun bacısının sözlərinə görə, Səlim evliliyinin beşinci ilindən sonra başqa qadınlarla münasibət saxlamağa başlayıb: “Səlim özünə smartfon mobil telefon alıb, əlaqə saxladığı qadınların əxlaqsız şəkillərini telefonuna yükləyıb. Həmin şəkilləri arvadı Röyaləyə göstərib, “qadın belə olar, sən bunların əlinə su tökməyə yaramırsan” sözlərini deyib, Röyaləni təhqir edib, sonra döyüb.
Bir neçə dəfə Röyaləyə Səlimdən boşanmasını məsləhət gördüm, mənimlə birlikdə yaşamağı təklif etdim. Röyalə isə övladlarının azyaşlı olmalarını, boşanacağı halda onların ortalıqda qalacaqlarını əsas gətirməklə razılaşmadı. Bundan sonra Səlim tez-tez spirtli içki içərək evə gəlib, Röyaləni döyüb”.
“İşlərinə qarışıb, aliment ödəməyib”
Hüquqi varis qeyd edib ki, bir müddət keçdikdən sonra Səlimin Röyaləni təhqir etməsi və döyməsi daha da şiddətlənib: “Röyalə rayon polis şöbəsinə ərizə ilə müraciət etdi. Müraciət əsasında araşdırma aparıldığı müddətdə Səlimlə barışdığı üçün cinayət işinin başlanması rədd edildi. Ancaq Səlim bundan sonra da Röyaləni döyməyi davam etdi.
Röyalə artıq dözməyərək boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi, onlar rəsmi qaydada boşandılar. Ayrılmalarına baxmayaraq Səlim yenə də Röyalənin işlərinə qarışıb, məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəməyib.
Röyalə boşandıqdan sonra dolanışığını təmin etmək məqsədilə müxtəlif sahələrdə alaq təmizləməyə gedib, övladlarını saxlayıb. Səlim isə Röyaləyə heç bir maddi yardım etməyib. Mən özüm dəfələrlə Röyaləyə maddi yardım etmişəm.
Boşandıqdan sonra Səlim Röyaləni bir neçə dəfə öldürəcəyi ilə hədələdiyindən onu öz evimə apararaq orada yaşamasını təmin etmişəm”.
“Bir neçə dəfə barışmaq istəyib”
Röyalənin bacısının sözlərinə görə, Röyalə təxminən bir aydan artıq müddətdə onun evində yaşayıb: “Ancaq mənə yük olmaq istəmədiyini əsas gətirərək Tərtər rayonu, Şıxarx qəsəbəsinə qayıdıb.
Hadisədən təxminən bir həftə əvvəl Səlimin Röyalənin alaq təmizləməyə getməsinə narazı olduğunu, əgər işləməyə getməyi davam etdirsə, onu öldürəcəyini deyıb. Səlim bir neçə dəfə Röyalə ilə barışmaq istəyib. Röyalə razı olmayıb.
Sentyabrın 6-da, saat 04.40-da bacım Narınc zəng edərək Röyalənin öldürülməsi barədə məlumat verdi. Bakı şəhərindən dərhal Tərtər rayonuna gəldim. Mənə deyilənə görə, həmin gün saat 04.00-da bacımla birlikdə alaq təmizləməyə gedən qadınlar Röyalənin yaşadığı evə gələrək qapını döyüblər. Qapını Röyalənin azyaşlı qızı Rövşanə açıb, qadınlar Röyaləni səsləyiblər, cavab almadıqda evə daxil olaraq onu oyatmaq istəyiblər. Bu zaman onun öldüyünü görüblər.
Sonradan Röyalənin Səlim tərəfindən yastıqla boğularaq öldürüldüyünü öyrəndim. Röyalə hər hansı şəxs və ya şəxslər ilə qeyri-rəsmi münasibətdə olmayıb”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılıb. Hakim heyəti cinayətin bütün dəlillərini araşdırdıqdan sonra Səlimin arvadını qəsdən öldürməsi nəticəsinə gəlib.
Səlim 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.