29 Noyabr 2021 14:01
2 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 1986-cı il təvəllüdlü Asif ailə münasibətləri zəminində həyat yoldaşı Zəminəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu il avqustun 12-də saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində Asif həyat yoldaşı Zəminə ilə mübahisə edib.

Mübahisə zamanı Asif Zəminəyə müxtəlif dərəcəli xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Asifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Zəminə ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq evlənib: “Bizim birgə nikahımızdan iki uşağımız var. Lakin mənim Məlahət adlı qadınla qeyri-rəsmi münasibətdə olmağım arvadım Zəminə ilə münasibətlərin korlanmasına səbəb oldu. Bununla bağlı aramızda bir neçə dəfə mübahisə də yarandı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 12-də, saat 23 radələrində yaşadıqları evdə Zəminə onun Məlahətə münasibətinə kəskin etiraz edib, ona irad bildirib: “Mübahisə zamanı Zəminə evi tərk edərək küçəyə çıxmaq istədi. Zəminənin qolundan tutaraq getməsinə imkan vermədim və onu evə geri qaytararaq üz nahiyəsinə zərbə endirdim”.

Asif bildirib ki, bundan sonra Zəminə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib, hadisə barədə məlumat verib.

Təqsirləndirilən şəxs ifadəsində Zəminənin ona məxsus qızılı satmaqda günahlandırması barədə isə iddialara belə cavab verib: “Həmin qızılı birgə nikahda olduğımız zaman almışam. Sonra isə ailəmizin zəruri ehtiyaclarını ödəmək üçün satmışıq”.

Asif ifadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağın olmasının nəzərə alınmasını xahiş edib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Zəminənin sözlərinə görə, əvvəllər əri Asiflə münasibətləri yaxşı olsa da, sonradan aralarında soyuqluq yaranıb: “Buna səbəb Asifin Məlahət adlı qadınla qeyri-rəsmi münasibətdə olması və mənə məxsus 237 qram qızılı sataraq onun üçün xərcləməsi olub. Avqustun 12-də saat 23 radələrində Asifə irad tutaraq kəskin etiraz etdim. Daha sonra isə evi tərk edərək həyətə çıxmaq istədim. Asif qolumdan tutub evə geri qaytardı və bədənimin müxtəlif nahiyələrinə bir neçə dəfə əli və ayağı ilə vuraraq mənə xəsarət yetirdi”.

Zəminə bildirib ki, hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib: “Sonra ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etdim. Aramızda baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etdi. Hazırda təqsirləndirilən şəxslə barışmamışam, ona cəza təyin edilməsini istəyirəm”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılıb.

Asif 1000 manat miqdarında cərimə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər