2 Dekabr 2021 17:01
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sabiq deputatı, həbsxanada olduğu dövrdə vəfat etmiş Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə prosesdə təqsirləndirilən şəxsin hüquqi varisi, onun həyat yoldaşı Aidə Cəbrayılova ifadə verib.

O bildirib ki, Rafael Cəbrayılova qarşı irəli sürülmüş ittihamlarla razı deyil.

Onun sözlərinə görə, Rafael Cəbrayılov dövlətinə, xalqına sadiq bir şəxs olub: “2015-2016-cı illərdə ölkədə baş verən devalvasiya səbəbindən onun şirkəti ayrı-ayrı şəxslərdən yüksək məbləğdə borc almaq məcburiyyətində qaldı. Qardaşı Elşən Cəbrayılov onu ağır duruma saldı, özü isə hazırda Türkiyə və Macarıstanda tikinti biznesi ilə məşğul olur. İş materiallarından da aydın görünür ki, Elşən Cəbrayılov direktor səlahiyyətlərini icra edərkən iş üzrə zərərçəkmişlər - Vidadi Məmmədov, Bəşir Məmmədov, Sülhiyyə Məmmədova, Təranə Fətəliyeva və başqaları ilə mənzillərin və qeyri-yaşayış sahələrinin girov qismində ayrılması və satılması barədə müqavilələr bağlayıb. O, möhürlə təsdiq edib, vətəndaşlardan pul vəsaitlərini qəbul edib və bu barədə qəbz verib. Rafael Cəbrayılov ifadələrində və vəsatətlərində göstərmişdi ki, Elşən Cəbrayılov 7 milyon vergi ödənişindən yayınıb”.

Daha sonra təqsirləndirilən şəxsin hüquqi varisi vəsatət verib. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmədə zərərçəkmiş qismində Sülhiyyə Məmmədova ifadə verib. Onun sözlərinə görə, Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılova 192 min 500 manat pul verib.

Növbəti proses dekabrın 16-da davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rafael Cəbrayılov bu ilin sentyabrında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər