3 Dekabr 2021 10:24
322

Vətən müharibəsində qazandığımız tarixi Qələbənin - Zəfər Gününün birinci ildönümü ərəfəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın bu gün cəza çəkmə müəssisəsində icrası həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, amnistiya aktı bu gün ümumilikdə 5 cəza çəkmə müəssisəsində həyata keçiriləcək.

Bu dəfə qəbul edilmiş amnistiya aktı genişmiqyaslı olmaqla tətbiqi dairəsi böyükdür, həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur.

Akta əsasən, amnistiya ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi altı ayadək olan şəxslərə də şamil olunacaq.

Zəfər Günü münasibətilə hazırlanmış amnistiya aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Amnistiya aktının 15 min nəfərdən çox insana, o cümlədən 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilir.

Amnistiya aktının icrası aidiyyəti orqanlar tərəfindən dörd ayda başa çatdırılacaq.

Amnistiya aktı ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiyası ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər də görüləcək.

Həmin şəxslər reabilitasiya və adaptasiya prosesi çərçivəsində müvafiq qurumlara müraciət edərək zəruri yardımlar ala biləcəklər.

Ümumiyyətlə, müstəqillik dövründə qəbul edilən 12 amnistiya aktı 100 mindən artıq şəxsə şamil olunub. 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dörd amnistiya aktı qəbul olunub ki, bu da 40 mindən artıq insana şamil edilib.


Müəllif: Hacı Zeynalov