Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün baş tutan açıq məhkəmə prosesinə yenə də jurnalistlər buraxılmayıb.
Məhkəmənin önündə bildiriblər ki, prosesə jurnalistlər buraxılmayacaq. Ancaq buna əsaslı səbəb göstərilməyib.
Qeyd olunub ki, prosesə sədrlik edən hakim Elbəy Allahverdiyevin belə bir göstərişi var. Amma hakim jurnalistlərin hansı səbəbdən məhkəməyə buraxılmaması barədə səbəb göstərilməyib.
Cinayət işi üzrə zərərçəkmiş iş adamı Hüseyn Səfərov məhkəmənin önündə jurnalistlərə bildirib ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının qanunsuz əməlləri ilə üzləşməsi ilə bağlı Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə müraciət edib.
Hüseyn Səfərov qeyd edib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin daxilində yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin qurbanı olub.
Onun sözlərinə görə, dəfələrlə baş prokurora, Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib: “Buna baxmayaraq ərizələrim, şikayətlərim mahiyyəti üzrə baxılmadan cavabsız qalıb. Mövlam Şixəliyev MTN-də rəhbər vəzifədə işlədiyi 10 il ərzində başına topladığı mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri ilə birgə mütəmadi olaraq mənim kimi Azərbaycan vətəndaşlarının başına olmazın müsibətlər açıblar. Vəzifədə xidmət edərkən quldurluq, hədə-qorxu gəlməklə soyğunçuluq, böyük sərvət əldə etmək məqsədilə cinayətlər törədiblər. İstintaqın qənaətinə görə Mövlam Şıxəliyev və başına yığdığı, hazırda onunla birgə məhkəmə qarşısına çıxarılan digər quldurlar mənim kimi 36 Azərbaycan vətəndaşından hədə-qorxu və quldurluq yolu ilə 20 milyon manat alıblar.
Hesab edirəm ki, istintaq obyektiv, prinsipial, düzgün aparılsaydı, bu gün zərərçəkənlərin sayı dəfələrlə artıq, 20 milyonluq zərər isə 200 milyon manatı belə aşardı. Mənə qarşı törətdikləri cinayətlərə gəldikdə isə Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və qeyrilərindən ibarət sabit cinayətkar quldur dəstənin üzvləri ilə birgə 2008-ci ildə heç bir əsas və cinayət təqibi olmadan uydurma bir istintaqa cəlb ediblər”.
Hüseyn Səfərovun sözlərinə görə, Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovdan şikayətçidir: “Səbəbini də deyirəm – bu adamlar məndən 2 milyon dollar alıblar və özlərinin uydurduqları olmayan cinayət işinə xitam veriblər. Təkcə mənə qarşı bu cinayəti etməyiblər. Azərbaycanda mənim kimi yüzlərlə iş adamı, sahibkar bu adamların cinayətkar tamahlarının qurbanı olub. Bu gün Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və digəriləri xüsusi himayəyə götürülüblər. Bizə qarşı cinayət törədən mütəşəkkil cinayətkar quldur dəstənin üzvlərindən yalnız Mövlam Şıxəliyev həbsdədir. Onu da bizlərin gözünə kül üfürmək üçün həbs ediblər. Qısa müddətdən sonra onu da azad edəcəklər. Artıq bunu gizlətmirlər. Vüsal Ələkbərov, Sahib Ələkbərov, Yasin Məmmədov isə həbs olunmayıblar”.
Hüseyn Səfərov zamində olan təqsirləndirilən şəxs Vüsal Ələkbərovun hədə-qorxusu ilə üzləşdiyini etiraf edir: “Məhkəmə binası qarşısında Vüsal Ələkbərov mənə yaxınlaşararaq hədələyir. Deyir ki, bu sözü belə de, o sözü belə de, bir sözlə, məhkəmədə necə danışmağım barədə tapşırıqlar verir. Vüsal deyir ki, mənə heç kim heç nə edə bilməz. Arxayındırlar, ad çəkirlər, mənə meydan oxuyur. Deyir ki, Mövlam müəllim vəzifəli şəxsin himayəsindədir. Bu məhkəmə ona cəza təyin edəcək, yuxarı məhkəmədə buraxacaqlar, özünüzü yorub bizdən şikayət etməyin, məni azad etdikləri kimi Mövlam müəllimi də azad edəcəklər. Bu adamlar özlərinə həddindən artıq arxayındırlar. Tezliklə məhkəmənin bitməsini və barələrindəki cinayət işinin ört-basdır olunacağını gözləyirlər. Mövlam Şıxəliyev bizdən aldıqları pullar hesabına özünə böyük biznes qurub. Çoxsaylı obyektlər əldə edərək kirayə verməklə məşğuldur. Hər ay kirayə haqqı kimi milyonlarla pul yığır. Bizlərin isə ziyanımızı belə ödəmək fikirləri yoxdur”.
Hüseyn Səfərov deyib ki, onların Vüsal Ələkbərov və digər təqsirləndirilən şəxslərin həbsdən yaxa qurtaracaqlarına dair dedikləri sözlərinə inanmamaları üçün hər hansı bir əsas yoxdur: “Çünki Vüsal Ələkbərov 12 il azadlıqdan məhrum edilir, 1 il sonra isə ziyan belə ödənmədən, bizdən soruşmadan onun cəzasını Ali Məhkəmə birdən-birə 5 ilə endirib və buraxıb. Dəymiş maddi ziyanla bağlı Vüsal Ələkbərovun evi müsadirə olunub hərraca çıxarılmışdı. Ev artıq satılırdı, elə həmin an hərrac Ali Məhkəmə tərəfindən dayandırıldı. Ev yenidən Vüsal Ələkbərovun ixtiyarına verildi”.
Hüseyn Səfərov deyir ki, onları məhkəmə binası önündə hədələyirlər: “Özümüzü girov götürüb malımızı əlimizdən aldılar. Canımız qalıb, onu da əlimizdən alacaq qədər özlərini arxayın aparırlar”.
Hazırda proses Hüseyn Səfərovun epizodu üzrə şahidlərin dindirilməsi ilə davam edir.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.