Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Hüseyn Səfərovun epizodu üzrə şahidlərin dindirilməsi mərhələsi olub.
Prosesdə ilkin olaraq Hüseyn Səfərovun 67 gün MTN-də qanunsuz saxlanılması, ondan mütəşəkkil cinayətkar quldur dəstə tərəfindən hədə-qorxu ilə 2 milyon dollar alınması epizodu üzrə şahidlər dindirilib.
Şahidlər Hüseyn Səfərov həbsdə saxlanılarkən ailəsinin pul topladığını, onlardan borc aldıqlarını açıqlayıblar.
Bundan sonra Hüseyn Səfərovun oğlu manatla alınan borc pulları dollara çevirib və MTN binasının arxasında Vüsal Ələkbərova təhvil verib.
Məhkəmədə şahid qismində dindirilənlərdən biri də Vüsal Ələkbərovun qardaşı Əlvan Ələkbərov olub. O, Hüseyn Səfərovdan Dəniz vağzalındakı çayxanada “Çörçil” markalı tüfəngi aldığını təsdiqləyib.
Hüseyn Səfərov bildirib ki, o, 2 milyon dolları ödəyib azadlığa çıxandan sonra Mövlam Şıxəliyev onu rahat buraxmayıb: “Zəng edib deyirdi ki, 2 “Vertu” telefon al gətir. Başqa bir vaxt zəng edib deyirdi ki, silah istəyirəm. Əl çəkmirdilər. Mən də məcbur olub həmin silahı alıb aparıb Vüsalın qardaşına verdim”.
İstər zərərçəkən tərəfin, istərsə də, qarşı tərəfin şahidi Hüseyn Səfərovun dediklərini təsdiq ediblər.
Zərərçəkənlərdən Zaur Əliyev Əlvan Ələkbərova bir neçə sual ünvanlayıb:
-Həmin silahı sizə niyə verirdilər? Hədiyyə idi?Müharibəyə gedirdiz?
Əlvan Ələkbərov:
-Vüsal dedi ki, get silahı götür, apar Binədəki ata evinə. Bizim evdə uşaq var. Mən də gedib silahı götürdüm, aparıb ata evinə qoydim. Vüsal demişdi ki, lazım olanda gəlib götürəcək.
Hüseyn Səfərov Vüsal Ələkbərovdan tüfənginin geri qaytarılmasını tələb edib:
-Ya tüfəngi verin, ya da pulunu ödəyin. Mənim tüfəngim sizdə niyə qalmalıdır?
Vüsal Ələkbərov Hüseyn Səfərova cavab verə bilməyib.
Bundan sonra məhkəmədə qəfil fasilə elan olunub. Hakimlər müşavirə otağına yollanıblar.
Fasilədən sonra zala qayıdan hakim Elbəy Allahverdiyev zərərçəkən Hüseyn Səfərovun epizodu üzrə hazırki mərhələdə araşdırmaların bitdiyini elan edib.
Ardından kimin vəsatətinin, hər hansı bir çıxışının olub-olmaması ilə bağlı sual ünvanlayıb.
Hüseyn Səfərov əlini dəmir barmaqlıq arxasında olan Mövlam Şıxəliyevə uzadaraq “bunu qurbanlıq kimi “kletkaya” salmısız” dedi. Əlavə etdi ki, şikayəti təkcə Mövlam Şıxəliyevdən deyil: "Mənim şikayətim bunun keçmiş naziri Eldar Mahmudovdan, istintaqa nəzarət edən baş prokuror Zakir Qaralovdan və barəmdə əsassız həbs təqdimatına imza atan Rüstəm Usubovdandır. Onlar da bu gün Mövlam Şıxəliyevin yanında dəmir “kletka”da olmalıdırlar. Məni 67 gün girov saxlayıblar. 2 milyon dollarımı alıb məni azad ediblər. Həmin pulun əsas hissəsi Eldar Mahmudova, bir hissəsi Mövlam Şıxəliyevə, qalan hissəsi isə Zakir Qaralovla Rüstəm Usubova çatıb. Vüsal Ələkbərova həmin puldan tör-töküntü veriblər. Buna görə də vəsatət qaldırıram ki, Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov məhkəməyə çağırılmalı, dindirilməli və barələrində qanuni ölçü götürülməli, tədbir görülməlidir".
Hüseyn Səfərovun vəsatəti müzakirə olunub. Belə qərara alıb ki, vəsatət baxılmamış saxlanılsın.
Bundan sonra prosesin həftədə 2 dəfə olmaqla keçirilməsi qərarlaşdırılıb.
Növbəti proses dekabrın 13-nə təyin olunub.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, ibtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Mehrac Qurban oğlu Qurbanov, Etibar Vahid oğlu Cəfərov, Akif Teymur oğlu Qurbanov, Orxan Elman oğlu Abdullayev, Cavidan Mustafa oğlu Hacıyev, Railə Rafkat qızı Musayeva, Kəramət Etibar oğlu Əliyev, Zaur Ağahüseyn oğlu Əliyev, Afət Davud oğlu İsmayılov, Azad Niyazi oğlu Rəşidov, Hüseyn Nəriman oğlu Səfərov, Müsənnif Hilal oğlu Salahov, Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Etibar Mahmud oğlu Əliyev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev və Esmira Məcid qızı Bayramova zərər çəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Onlara ümumilikdə 20 milyon manat ziyan vurulub.