Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Azərbaycan Xalq Respublikaçıları Partiyasının sədri İlqar Məmmədov və digər şəxslərin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bəhruz Baxşıyev, İsa Əkbərov, İlqar Məmmədov və Rəşad Həsənov əlbir olaraq vətəndaşları ali məktəblərə düzəltmək adı ilə aldatıblar. Bundan başqa, İlqar Məmmədov Bakı şəhərində inşa edilən çoxmərtəbəli binaların tikintisi üzrə komissiyanın sədri kimi təqdim edərək, Rəşad Həsənovla cinayət əlaqəsinə girib.
Onlar şəhid ailələri, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və əlil insanları mənzillə təmin etmək adı ilə aldadıblar. Həmçinin İlqar Məmmədov Ülvi Əliyev və Lütfü Əliyevə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinir.
Təqsirləndirilən İsa Əkbərov xəstə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. İlqar Məmmədov ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində Azərbaycan Xalq Respublikaçıları Partiyasının sədri olduğunu və Azərbaycan Beynəlxalq Universitetində (ABU) beynəlxalq hüquqdan dərs dediyini bildirib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Bəhruz Baxşıyev 10 il, İlqar Məmmədov 9 il, Rəşad Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov