12 Dekabr 2021 09:14
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda 1995-ci il təvəllüdlü Şükür şəxsi münasibətlər zəminində tanışı Məmmədə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Gədəbəy rayonu Maarif kəndində baş verib. Şükür həmkəndlisi Məmməd ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə edib.

Mübahisə zamanı şükür yumruqla Məmmədi vuraraq, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Şükürün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şükür ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gədəbəy rayonu, Maarif kəndində yaşayır: “Məmmədi tanıyıram, onunla ədavətim və düşmənçiliyim olmayıb. Məmməd Daşbulaq kəndində yaşayır. Onu dayımın dostu olaraq tanımışam, sonra fəhlə kimi birlikdə işləmişik. Hadisə günü saat 16.30-da yaşadığım Maarif kəndində Rafiq adlı həmkəndlimin mağazasının qarşısında Məmmədi görmüşəm. Həmişə olduğum kimi zarafatlaşdıq. Məmməd sərxoş olduğuna görə mənə qarşı söyüşlər etdi. Bu səbəbdən aramızda mübahisə oldu. Məmmədin sifət nahiyəsinə bir dəfə yumruqla vurdum. Sonra ondan uzaqlaşdım. Xalam oğlunun avtomobilinə mindim, yaşadığım evə getdim”.

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, ibtidai istintaq zamanı qeyri səmimi ifadə verib, özünü təqsirli bilməyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məmmədin sözlərinə görə, Slavyanka kəndindən ət alaraq yaşadığı evə gedən zaman yolda Maarif kəndi ərazisində Şükürlə rastlaşıb: “Bu zaman Şükür mənimlə yersiz zarafatlar etməyə başladı. Həmin vaxt spirtli içki qəbul etdiyimdən sərxoş vəziyyətdə olmuşam. Aramızda mübahisə başladı və Şükür mənim sifətimdən yumruqla vurdu. Yumruq göz nahiyəmdən tutdu və yerə yıxıldım. Sonra Şükür getdi. Mən də hadisə yerindən evimə deyil, Gədəbəy rayon polis şöbəsinə getdim. Şikayət etdim”.

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınıb.

Şükürün barəsində olan cinayət işinə xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər