13 Dekabr 2021 11:55
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhər Məşğulluq Mərkəzinin direktoru barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Mingəçevir şəhər Məşğulluq Mərkəzinin direktoru Elçin Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İbtidai istintaqla Elçin Abdullayevin qeyd olunan vəzifədə işləyərkən Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq 17 nəfər işsiz vətəndaş üçün dövlət büdcəsindən ayrılmış 86 min manat məbləğində vəsaitin faktiki olaraq 61 min manat hissəsini ödəyib qiymətlərin şişirdilməsi yolu ilə 25 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Elçin Abdullayevə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən- xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər