Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, təqsirləndirilən şəxs kimi Rasim Quliyevə irəli sürülən ittiham üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Rasim Quliyevin vəkili Rəsul Yusifbəyli çıxış edib.
Vəkil bildirib ki, bu işdə adı çəkən şəxslər məsuliyyətə cəlb edilməyib: "Əsas şahid ittihama aid heç bir ifadə vermədi. İttihamı nə təsdiq, nə də təkzib etdi".
Daha sonra Rasim Quliyevin digər vəkili Ədalət Mövlayev replika hüququndan istifadə edib və vəsatət qaldırıb: “Bakı şəhər icra hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov 2017-ci ilin oktyabrında qeyri-qanuni olaraq Prezidentin yerli icra hakimiyyətləri haqqında əsasnamənin 2.5 bəndinin tələblərini pozaraq Rasim Quliyevi icra başçısının müavini səlahiyyətlərini müvəqqəti icra etməsinə dair sərəncam verib. Halbuki yerli icra hakimiyyəti başçılarının müavinlərini yalnız Prezident təyin edir. Belə olan halda istintaq orqanı qeyri-qanuni olaraq Hacıbala Abutalıbovun sərəncamını sübut kimi qiymətləndirib. Bu sərəncam sübut növü kimi sayıla bilməz və sübutlar siyahısından çıxarılsın. Bu halda Rasim Quliyevə elan edilmiş ittiham heç bir qanuni qüvvəyə malik olmur”.
Daha sonra hakim təqsirləndirilən şəxsə son söz verib. Rasim Quliyev isə məhkəmədən vaxt istəyib.
Növbəti proses dekabrın 23-də davam edəcək.
Qeyd edək ki, ötən prosesdə çıxış edən prokuror Rasim Quliyevin 3 il müddətinə vəzifə tutmaqdan məhrum edilməklə 6 il müddətinə həbs olunmasını istəyib.
Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.