20 Dekabr 2021 15:26
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə İlqar İsmayılovun vəkili iki vəsatətlə çıxış edib.

Vəkil İlhamə Həsənova əlavə sənədlər təqdim ediərək onların sübutlar siyahısına daxil edilməsini istəyib. Onun sözlərinə görə, qarşı tərəf ittihamını onunla əsaslandırıb ki, İlqar İsmayılov “İDEAL KOMPANİ” MMC-də onunla digər təsisçi arasında mənfəətin bölüşdürülməsinə dair heç bir razılaşma olmadan 680 min manat pulu mənimsəyib.

Vəkil “İDEAL KOMPANİ” MMC-də 2013-2016-cı illərdə mənfəətin təsisçilər arasında bölünməsini təsdiq edən ittiham tərəfin özünün cinayət işi materiallarına əlavə etdiyi 1C proqram təminatının əks olunduğu yaddaş kartından çıxarışları məhkəməyə təqdim edib.

Həmin çıxarışlarda ittiham tərəfinin elan etdiyi çıxarışların məzmunundan görülür ki, həmin çıxarışlarda cəmi 5 milyon 833 min 296 manat vəsaitin 2013-cü ilin yanvar ayından başlayaraq 2016-cı ilin dekabrına qədər “İDEAL KOMPANİ” MMC tərəfindən dividend formasında Zərifə Həmzəyevaya "Gazelli” şirkəti vasitəsilə ödənilməsi öz təsdiqini tapır.

Müdafiə tərəfi öz vəsatətini əsaslandıraraq məhkəməyə bildirib ki, bu sənədlər ittiham tərəfin istintaq zamanı "İDEAL KOMPANİ” MMC-də aşkarlayaraq yaddaş kartına köçürüb cinayət işi materiallarına əlavə etdiyi proqram təminatından çıxarılmış sənədlərdir.

Bu sənədlərdə həmin məbləğin Zərifə Həmzəyevaya ödənilməsi gündəlik kassa hesabatları, məxaric qəbzləri və kassa əməliyyatları üzrə yönəltmələrlə öz təsdiqini tapır.

Bundan sonra vəkillərin məhkəməyə təqdim etdiyi vəsatət 2013-2016-cı illərdə İlqar İsmayılov tərəfindən “İDEAL KOMPANİ” MMC-yə mədaxil olmuş məbləğlərlə bağlı olub.

Vəsatət bununla əsaslandırılıb ki, İlqar İsmayılov 680 min manat vəsaitin mənimsənilməsi ittihamda elan olunub, lakin yoxlanılan dövrdə İlqar İsmayılov 2 milyon 717 min ABŞ dolları, 4 milyon 498 min 440 manat və 780 min Avro “İDEAL KOMPANİ” MMC-nin kassasına mədaxil edib.

Müdafiə tərəfi bildirib ki, əgər İlqar İsmayılov 680 min manatı məxaric etməkdə ittiham olunrsa, onun mədaxil etdiyi vəsaitdən 680 min manat çıxılmalı, hətta ittiham əsaslı olsa belə, bu məbləğ tam olaraq qaytarılıb.

Vəkil qeyd edib ki, bütün bu sənədlər istintaqın özü tərəfindən cinayət işi materiallarına əlavə olunmuş yaddaş kartındakı proqram təminatından çıxarılmış sənədlərdir.

İlqar İsmayılovun vəkilləri daha bir vəsatətlə çıxış ediblər.

Qeyd edilib ki, məhkəmədə sənədlərin tədqiqi zamanı həmin yaddaş kartı açılmayıb. Bildirilib ki, kartın açılması mümkün deyil. Müdafiə tərəfinin fikrincə, mütəxəssis cəlb edib, onun köməyi ilə yaddaş kartı açıla bilər. Xahiş olunub ki, həmin yaddaş kartı açılsın və proqram təminatı məlumatları məhkəmədə araşdırılsın.

İttiham tərəfi yaddaş kartının açılmasına və müdafiə tərəfinin verdiyi sənədlərin sübutlar siyahısına əlavə olunmasına da etiraz edib.

Məhkəmə sənədlərin materiallara aid olmasına dair vəsatətləri təmin edib.

Lakin mütəxəssisin cəlb edilərək proqram təminatının açılması ilə bağlı vəsatəti təmin edilməyib.

İlqar İsmayılov bildirib ki, dövlət və dövlətçiliyin tərəfindədir. O xahiş edib ki, verdiyi sübutlar çərçivəsində araşdırma aparılsın: "Kommersiya sirri hesab etdiyim qarşı tərəflə mənə aid olan məsələləri hələ ki, burada açıqlamaq istəmirəm”.

Növbəti prosesi dekabrın 27-nə təyin edib.

İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov