6 Yanvar 2022 12:30
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda 1981-ci il təvəllüdlü Həsən azyaşlı Xanıma qarşı soyğunçuluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Həsən 30 may 2021-ci ildə Yevlax şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən 2017-ci il təvəllüdlü Xanımın azyaşlı olmasından istifadə edib, onun boğazındakı anasına məxsus 104 manat dəyərində qızıl boyunbağını qopararaq qaçıb.

İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən özünü təqsirli bilib. O bildirib ki, mayın 30-da saat 17 radələrində piyada icra hakimiyyətinin yaxınlığından keçərkən gözəllik salonun qarşısında iki azyaşlı uşağın “gizlən qaç” oynadıqlarını görüb: “Adının sonradan Xanım olduğunu bildiyim azyaşlı qızın boğazında qızıl sep gördüm və maddi imkanım zəif olduğu üçün həmin sepi ələ keçirmək qərarına gəldim.

Azyaşlı oğlan gözlərini yumduğu üçün digər azyaşlı Xanıma icra hakimiyyəti istiqamətində gizlənməsini dedim, onu həmin istiqamətə apardım. Yolun kənarındakı səkidən təxminən 15-20 metr uzaqlaşdıqdan sonra anidən qızın arxasından, yəni boyun nahiyəsindən qızılı tutaraq boğazından çıxartdım. Həmin qızıl sepi ələ keçirdikdən sonra Yevlax şəhər İcra Hakimiyətinin qarşısındakı parkın içi ilə qaçaraq həmin yerdən uzaqlaşdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, dərhal həmin qızıl sepi tanıdığı, qızıl alqı-satqısı ilə məşğul olan Elçinin evinə aparıb: “Elçinə həmin sepin övladıma məxsus olduğunu və çox vacib pul lazım olduğu üçün satmaq istədiyimi dedim. Lakin Elçin evdə elektron tərəzisi olmadığı üçün qızılı çəkə bilmədi və ilkin olaraq Elçindən 60 manat aldım. Pulun geri qalanını Elçin qızılı çəkdikdən sonra mənə verəcəyini bildirdi”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xanımın sözlərinə görə, qardaşı Kənanla anasının işlədiyi salonun yanında “gizlən qaç” oynayarkən tanımadığı bir kişi boynundakı qızıl sepi dartaraq qaçıb.

Azyaşlının anası ifadəsində bildirib ki, Yevlax şəhər H.Əliyev prospektindəki 52 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən gözəllik salonunda saç ustası kimi işləyir: “Mayın 30-da həmin salonda olarkən azyaşlı övladlarım Xanım və Kənan işlədiyim salonun qarşısında yolun kənarda oynayırdılar. Saat 17 radələrində qızım Xanımın qışqırıq səsini eşitdiyim üçün çölə çıxdım, qızımın ağladığını gördüm. Ondan nə baş verdiyini soruşdum. Dedi ki, bir kişinin boynundakı qızıl sepi qopararaq qaçıb, buna görə boğazı ağrıyır”.

Bu cinayət işinə Yevlax rayon Məhkəməsində baxılıb.

Həsən 3 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov