7 Yanvar 2022 14:16
2 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 2005-ci il təvəllüdlü Kərim şəxsi münasibətlər zəminində tanışı Babanı (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Kərim mərhum əmisi Vahidin arvadı Nisənin il çıxmamış evində usta işləyən Baba ilə nikahdankənar münasibətə girdiyini bilib.

Bunu ailəsinin, o cümlədən mərhum əmisinin namusunun ləkələnməsi kimi qəbul edib, Babanı öldürmək qərarına gəlib.

Kərim 12 iyul 2021-ci ildə saat 21 radələrində ailəsi və Nisə ilə birgə yaşadığı evdə əmisinin ölümünün ildönümünə həsr olunmuş yas mərasimində olduqları zamanı Babanın oraya gəlməsini, Nisə ilə qaş-göz etməsini görüb.

Kərim bıçaq götürərək şalvarının bel nahiyəsinə qoyub, Babanın əyləşdiyi masaya yaxınlaşıb. Onun boğazına bıçaqla vurub. Baba aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Kərimin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kərim ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mərhum əmisinin arvadı Nisə ilə Babanın arasında münasibət onun adına ləkə gətirib: "Onların münasibətindən xəbərim var idi. Lakin atamgilə bu barədə məlumat verməmişdim. Hadisədən əvvəllər Nisə Babanı mənə taksi sürücüsü kimi tanıtmışdı. Sonralar aralarında telefon danışıqlarından mənə məlum oldu ki, onlar münasibət qurublar. Hətta onlarla birgə dəniz kənarına da getmişdim. Orda mənə daha aydın oldu ki, onların arasında münasibətlər daha da yaxınlaşıb”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, dəfələrlə bu münasibətə son vermələri barədə Babaya xəbərdarlıq edib: “Lakin mənə uşaq olduğumu dedilər, məni yola verirdilər. Buna baxmayaraq heç vaxt Babanı öldürmək istəməmişdim. Hadisə günü Baba əmimin ilidönümünə gəlmişdi. Onun utanmadan gəlişi məni əsəbləşdirdi. Baba evin qapısının yanında olarkən, hələ içəri daxil olmazdan əvvəl onu xəbərdar etdim. Cavabda Nisəni sevdiyini dedi və içəri daxil olaraq əmimin ildönümünə gəlmiş digər şəxslərin yanında oturdu.

Onun bu davranışı məni möhkəm əsəbiləşdirdi. Yataq otağına daxil olaraq oradan bıçağı götürdüm. Sonra Babanın yanına yaxınlaşdım və ona “sənə xəbərdarlıq etmişdim" deyib bıçaqla boğazından bir dəfə zərbə yetirdim. Həmin vaxt qan axdığını gördüm və özümü itirərək, arxaya geri çəkildim”.

Kərim deyib ki, onun Babanı öldürmək məqsədi olmayıb: “Əgər belə məqsədim olsaydı, bir dəfədən artıq zərbə vurardım. Sadəcə Babanı cəzalandırmaq istəyirdim. Törətdiyim əməldən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş Babanın atası Fərid hüquqi varis qismində tanınıb. Hüquqi varis qeyd edib ki, mərhum oğlu evli olub: “Babanın iki uşağı var idi, arvadı da əlildir. 4-5 ay idi sonradan oğlumu öldürməsi ilə əlaqədar tanıdığım Kərimin yaşadığı evdə təmir işi ilə məşğul olurdu. Babaya guya özlərini şəhid ailəsi kimi təqdim edərək, ondan istifadə edirdilər. Hətta Baba öz mağazamızdan təmir işləri üçün havayı mal-materialla onları təmin edirdi. Oğluma 4-5 min manat borcları vardı, pulu verməkdən imtina edirdilər.

Baba ilə onlar arasında telefon danışıqları da var. Bir dəfə Kərimin nənəsi oğuma telefonda dedi ki, iyulun 15-də gələrsən pulunu verəcək. Oğlum da öldürüldüyü gün məhz öz pulunu almaq üçün Kərimgilin evinə getmişdi”.

Hüquqi varis deyib ki, oğlu onunla birlikdə yaşayıb: “Hadisə günü səhər evdən çıxdıqdan sonra geri qayıtmadı. Axşamüstü gəlinim Babaya zəng vurdu, dedi ki, uşaqları parka aparsın. Baba da dedi ki, bir yerdən pul alacağım var, onu 20 dəqiqəyə alım, gələcəm.

Axşam saatlarında oğlumun evində usta kimi işlədiyi bir şəxs mənə zəng etdi, dedi ki, Baba bıçaqlanıb. Bununla oğlumun bıçaqlanmasından xəbər tutdum. Oğlum Nisə adlı qadınla münasibəti olmayıb, onu buna görə öldürməyiblər. Bu böhtandır”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Kərim 9 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər