O, Kür daşqınları zamanı zərərçəkmişə mənzil vəd edibmiş
Şirvan Apelyasiya Məhkəməsində Kür daşqınları zamanı zərərçəkmiş şəxsə qarşı dələduzluq etməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Fuad Nuriyevin cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Fuad Nuriyev 17 mart 2013-sü il tarixdə Sabirabad rayonunun Şıxlar kəndində tanışı Seyidhəsən Ağayev ilə birlikdə cinayət əlaqəsinə girib.
Onlar həmin kənddə yaşayan Bakir Həsənova Kür çayının daşması nətisəsində yararsız hala düşmüş evinin əvəzinə yeni mənzil tikdirəsəklərini vəd edib. Hər iki şəxs aldatma yolu ilə Bakir Həsənovdan 3600 manat alıblar. Onlar vədlərinə əməl etməyərək zərərçəkmişə qarşı dələduzluq ediblər.
Fuad Nuriyev Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham ediliblər. Cinayət işinə Sabirabad rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fuad Nuriyev üç min manat cərimə cəzası alıb.
Hökmdən Baş Prokurorluq şikayət verib. Prokurorluq şikayətində Fuad Nuriyevin həbs edilməsini tələb edib. Həmçinin təqsirləndirilən və zərərçəkmiş də apelyasiya şikayəti verib. Fuad Nuriyev şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Şikayətlər baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Fuad Nuriyev çıxış edib. O bildirib ki, Sabirabad rayon Məhkəməsinin hökmü ilə razı deyil: “Hesab edirəm ki, mənə verilmiş cəza əsassızdır. Məhkəmə baxışı zamanı elan olunan ittiham üzrə özümü təqsirli bilməmişəm. Çünki belə bir cinayəti etməmişəm. Zərərçəkmiş şəxs kimi tanınan Bakir Həsənovu tanımamışam. Onunla heç bir ünsiyyətim olmayıb. Zərərçəkmişə heç bir söz, vəd verməmişəm. Bakirə ev tikmək üçün Seyidhəsəndən pul almamışam. Seyidhəsənlə Bakir arasında nə olmasının mənə aidiyyəti yoxdur. Seyidhəsən vəfat edəndən sonra sübutlar düzəldərək məni təqsirləndiriblər. Zərərçəkəndən pulu alan və ona qaytarmayan mərhum Seyidhəsən Ağayev olub. Bu hal məhkəmə istintaqı zamanı təsdiq olunub. Bakir Həsənov təxminlərə və eşitdiklərinə əsasən Seyidhəsən tərəfindən mənə pul verilməsi barədə ifadə verib. Bu da sübut kimi qəbul oluna bilməz. Sabirabad rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm”.
Zərərçəkmiş Bakir Həsənov və prokuror Ədalət Əzizov çıxış edib. Onların çıxışını dinləyən hakim sonda qərar açıqlayıb. Qərara görə, prokurorluğun şikayəti təmin edilib və Sabirabad rayon Məhkəməsinin hökmü ləğv edilib. Məhkəmə Fuad Nuriyevin barəsində yeni hökm çıxarıb. Yeni hökmə əsasən, Fuad Nuriyev 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib. Təqsirləndirilən və zərərçəkənin şikayəti təmin edilməyib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham olunan Seyidhəsən Ağayev vəfat edib. İstintaq orqanı Seyidhəsən Ağayevin vəfat etməsi ilə əlaqədar olaraq onun barəsində olan cinayət işinə xitam verib.
Hacı Zeynalov