Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mehrac Qurbanov bildirib ki, 2007-ci ildə “Texnikaban” ASC-nin “Bakı” filialında müqavilə bağlayıb, öz adına illik 12 faizə 623.300 manat avro əmanət qoyub:
“2008-ci ilin oktyabrında MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov həmin dövrdə işlətdiyim nömrəyə zəng etdi, məni istintaqa çağırdı. Həmin zəngdən 23 gün sonra səhər saatlarında MTN-ə getdim. Əsas giriş qapısında qeydiyyata alındım, avtomatlı iki əsgərin müşayəti ilə xatırlamadığım mərtəbəyə qaldırıldım. Orada bir xidməti otağa aparıldım. Otaqda Vüsal Ələkbərov təklikdə mənə bildirdi ki, sən banka əmanət kimi pul qoymusan, həmin puldan imtina etməlisən, əgər imtina etməsən, sənin başına oyun açacağıq, hansı yolla olursa olsun, səni tutacağıq.
Halal puldan imtina etməyəcəyimi bildirdim. Vüsal mənə “300 min dollar verməlisən ki, sənin əmanətlərinin qaytarılmasına köməklik edək, 15 gün ərzində əmanətlərini qaytaraq, ancaq bu pulu bizə verməsən, səni tutacağıq, bu rəhbərliyin göstərişidir” bildirdi”.
Zərərçəkmiş deyib ki, həmin vaxt Vüsal Ələkbərov ona bir sıra suallar verib, ifadəsini alıb, 10 vərəqdə imza nümunələrini götürüb:
“Həmçinin məni İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin yanına apardı. Mövlam Şıxəliyev dedi ki, Vüsal Ələkbərovun dediyini etməlisən, bizdə sənə kömək edib, banka qoyduğun pulu qaytaracağıq. Həmin vaxt Mövlam Şıxəliyev mənimlə acıqlı danışdı. Tutulacağımdan qorxduğum üçün pul verməyə razılaşdım. Çox yalvar-yaxardan sonra Vüsal Ələkbərov 200 min dollara razılaşdı. Dedi ki, pul sabah çatmalıdır”.
Mehrac Qurbanovun ifadəsinə görə, həmin gün saat 20 radələrində MTN-dən buraxılıb: “Hədə-qorxu altında qaldığım üçün pul toplamağa başladım. Şirvan şəhərinə gedərək tanışım İsmayıl Əhmədova öz fermamdan 3600 manata 30 baş qoyunu satdım, qardaşlarım Hüseyndən 10 min manat, Heydərdən 15 min manat, bibim oğlu Kərimdən 20 min manat, bacılarımdan yadımda qalmayan məbləğdə, Sabirabad rayonunun Həşimxanlı kəndində yaşamış Səmədağa adlı şəxsdən 50 min manat borc aldım. 50 min manat da özümdə vardı.
Topladığım 200 min dolları sellofan torbaya qoydum, Vüsalın xatırlamadığım nömrəsinə zəng vurdum və onun tələbi ilə birbaşa MTN-ə getdim. Oradan bir daha Vüsala zəng etdim, ona olduğum yeri bildirdim.
Vüsal Ələkbərov tapşırdığından məni qapıda eyni qaydada qeydiyyat aldılar, Vüsal Ələkbərovun otağına apardılar. Otaqda gətirdiyim 200 min dolları təklikdə Vüsal Ələkbərova verdim. Ondan banka qoyduğum əmanətin nə vaxt qaytarılacağını soruşdum. Vüsal bu barədə mənə məlumat verəcəyini bildirdi. Bundan sonra qardaşım oğlu Mahirin idarə etdiyi “Mercedes C klass” markalı maşınla evə qayıtdım”.
Mehrac Qurbanov deyib ki, 15 gün sonra Vüsal Ələkbərova zəng etsə də, cavab ala bilməyib: “Bundan sonra borc aldığım şəxslərə MTN-dən Vüsal Ələkbərov adlı şöbə rəisinin hədə-qorxu yolu ilə pulumu aldığını dedim. Bunun nəticəsində borca düşmüşəm. Qalan mal-qaramı, fermamı dəyər-dəyməzinə satmışam”.
Qeyd edək ki, cinayət işi Bakı Hərbi Məhkəməsində, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.