11 Yanvar 2022 11:51
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsə verilmiş ittihamların sübut və dəlillərlə, həmçinin aparılan ekspertizalarla təsdiq edildiyini qeyd edib, verilmiş maddələrlə təqsirli bilinməsini təklif edib.

Vüqar Quliyev qeyd edib ki, Vidadi Muradov məhkəmə istintaqı dövründə vəfat etdiyi üçün ona cəza təyin edilməməlidir.

Qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətindən verilmiş 640 min 922 manat məbləğində mülki iddianın ödənilməsi təmin edilməlidir. Prokuror bildirib ki, mərhum Vidadi Muradovun Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzilinin üzərinə qoyulmuş həbs götürülməlidir. Üzərinə həbs qoyulmuş və müsadirə edilmiş digər əmlaklar isə dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Növbəti proses yanvarın 18-də davam edəcək.

İttihama görə, “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər