“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi baş tutan prosesdə İlqar İsmayılovun vəkilləri – İlhamə Həsənova və Rəşad Əliyev çıxış ediblər.
Vəkillər çıxışlarında İlqar İsmayılova qarşı irəli sürülmüş ittihamların sübuta yetirilmədiyini deyiblər. Onlar ittihamların sübuta yetirilməməsi ilə bağlı sənədləri də məhkəməyə təqdim ediblər.
Vəkillərin fikrincə, tədqiq olunmuş sənədlərlə İlqar İsmayılovun heç bir mənimsəməyə yol vermədiyi sübuta yetirilib. Hər iki vəkil İlqar İsmayılovun günahsız olduğunu deyiblər, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Növbəti iclasda İlqar İsmayılovun digər müdafiəçisi çıxış edəcək.
Bundan əvvəlki prosesdə çıxış edən prokuror İlqar İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan başqa, “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Müraciətdə qeyd edib: “Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin biznes mühitinə dəstəyi nəticəsində ölkədə uğur qazanan iş adamlarından biri də mən olmuşam. 1999-cu ildə təkbaşına qurduğum “İdeal Kompani” sonrakı illərdə fəaliyyət dairəsini genişləndirərək, Azərbaycanın tanınmış mağazalar şəbəkəsinə çevrilməsinə nail olub. Bu illər ərzində qanunlara daim əməl edərək, qeyri-neft sektorunun inkişafına əlimdən gələn dəstəyi vermiş və büdcəyə 10 milyonlarla vergi ödəmişəm.
Ancaq bu gün tamamilə saxta, qurama və məhz bəzi şəxslər tərəfindən biznesimin əlimdən alınmasına yönələn ittihamlarla artıq 10 aydır həbsdə saxlanılıram. Mənə dövriyyəsi on milyon manatlarla ölçülən öz şirkətimdən guya 680 min manat mənimsəmə kimi absurd ittiham verməklə əlimdən alınmış şirkətimdən əl çəkməyəcəyim təqdirdə uzunmüddətli həbslə cəzalandırılacağım şərti qoyulub.
Hazırda məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı 8 il azadlıqdan məhrumetmə cəzası istəyib. Bu ittihamın nə qədər əsassız olduğunu istənilən şəxs sadəcə məhkəmə protokolları ilə tanış olaraq öyrənə bilər. Müdafiə tərəfi olaraq vəkillərimin və özümün məhkəməyə təqdim etdiyim sübutlar heç bir cinayətə yol vermədiyimi sübut etdiyi üçün məhkəmənin ədalətli qərar verəcəyi təqdirdə bəraət almaq haqqımdır.
Sizin Ali Baş Komandanlığınızla 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə görülən işləri, təəssüf ki, həbsdə yalnız televiziya vasitəsilə izləyə bilirəm. Halbuki Azərbaycanın uğurlu iş adamlarından biri olaraq bütün bu qürurverici proseslərdə yaxından iştirak etmək və öz töhfəmi vermək istərdim. Bunun üçün isə sadəcə ədalətli məhkəmə hökmü kifayət edir. Günahsızlığıma əmin olduğum üçün istədiyim sadəcə ədalətli qərardır".
İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.