16 Fevral 2022 18:23
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 1995-ci il təvəllüdlü Elmin şəxsi münasibətlər zəminində tanışı Yaşara xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 21-də Masazır qəsəbəsi, "Baxçalı Evlər" yaşayış kompleksində yerləşən çay evində baş verib.

Çay evinin içərisindəki kabinetdə Elmin Yaşarın borclu olduğu 40 manat məbləğində pulu qaytarmasını tələb etməsi, eləcə də Yaşarın borclu olduğu 40 manat məbləğində pulu qaytarmaqdan imtina etməsi səbəbindən mübahisə edib.

Mübahisə zamanı Elmin yumruqla bir dəfə Yaşarın sifət nahiyəsinə zərbə vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Elminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Yaşarı təxminən 5-6 ay müddətdir tanıyır: “Əvvəllər qardaşlarım ilə birlikdə Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində oyun zalı işlətmişik. Yaşar işlədiyimiz yerə gəlib-gedib və aralarında tanışlıq yaranıb. Sonradan biz obyekti təhvil verdik. Yaşarın isə bizə 40 manat borcu qaldı. Bir neçə dəfə Yaşara borcunu qaytarmasını desəm də, borcunu qaytarmadı. Həmçinin telefon zənglərimə də cavab vermədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 21-də, saat 23 radələrində Amil adlı tanışı ilə görüşüb və Masazır qəsəbəsi, "Baxçalı evlər" yaşayış kompleksində yerləşən çay evinə gedib: “Həmçinin Rəşad adlı tanışımız ilə də görüşməyi planlaşdırdıq. Rəşad isə əlaqə saxlayaraq artıq çay evində olduğunu bildirdi. Çay evinə daxil olduqda Rəşad bizə əyləşməyimizi, bir nəfər şəxslə söhbət etdikdən sonra yanımıza gələcəyini dedi. Həmin şəxsin kim olduğunu soruşduq. Rəşad həmin şəxsin adının Yaşar olmasını dedi. Yaşarı tanıdığımı bildirdim. Sonra isə Yaşarın da çay evində olmasını gördüm. Yaşarla salamlaşdıqdan sonra eyni kabinetdə, lakin ayrı masada əyləşdik. Bir qədər sonra Yaşara yaxınlaşdım, onların masasında əyləşdim. Söhbət zamanı Yaşardan nə üçün borcunu qaytarmamasını və telefon zənglərinə cavab verməməsini soruşdum. Yaşar pulunun olmadığını dedi. Yaşara pulu qaytarmalı olduğunu bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Yaşar bel nahiyəsindən bıçaq çıxartdı və pulunun olmadığını dedi. Bu zaman yumruqla bir dəfə Yaşarın sifət nahiyəsindən zərbə vurdum. Yaşarın sifətindən qan axdığından ona köməklik göstərdim”.

Elmin qeyd edib ki, daha sonra Yaşar bir nəfər şəxslə əlaqə saxlayıb və həmin şəxsi çay evinə çağırıb: “Həmin şəxs Yaşara 20 manat verdi, Yaşar da pulu alaraq mənə verdi. Qalan 20 manatı növbəti gün qaytaracağını dedi, daha sonra isə Yaşar həmin şəxslə getdi. Sonradan Yaşarın barəmdə şikayət etməsindən məlumatım olub”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb.

Bu səbəbdən Elminin barəsində olan cinayət təqibinə xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər