Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, zərərçəkən Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək evdən 1000 manat pul və dəyəri 600 manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Eyni məzmunlu şikayətlərlə müraciət edən Ümid qəsəbəsində yaşayan daha 2 sakinin ərizəsi Polis İdarəsində qeydə alınıb. Onlar da evlərindən ümumilikdə 4 000 manata yaxın qızıl-zinət əşyalarının oğurlandığını bildiriblər.
Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Zeynəb Quliyeva saxlanılıb.
O, izahatında etdiyi oğurluqları etiraf edib.
Araşdırmalar zamanı onun Səbail rayonu Bayıl qəsəbəsində də bir evdən oğurluq etdiyi müəyyən edilib.
Faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət İşi başlanılıb.
Zeynəb Quliyeva barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.