Gürcüstanın Marnueli rayonunda anadan olmuş 1982-ci il təvəllüdlü Məlik Bakının Suraxanı rayonunda qeyri-rəsmi yaşadığı Vəfanı (adları şərti verilib – red.) bıçaqlayıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 2021-ci il iyulun 23-də baş verib.
Məlik həmin gün saat 15 radələrində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Vəfanın ona xəyanət etdiyini bildirib. “Qədim Bakı” kafesində nalayiq sözlər deməsinə əsəbiləşib, bıçaqla onun qarın nahiyəsinə vurub.
İstintaq orqanı tərəfindən Məlikin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məlik ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ildən Bakı şəhərində yaşayır: “Milliyyətcə azərbaycanlıyam, orta məktəbi Azərbaycan dilində bitirmişəm. Gürcü dilini bilsəm də, çox çətinliklə oxuyuram. 2018-ci il dekabrın 9-da qeyri-rəsmi ailə həyatı qurduğum Vəfa və mən son vaxtlar işsiz olduğumuzdan binanın zirzəmisində yerləşən “Qədim Bakı” kafesini işlədən Aslanla danışdıq, Vəfanı öz yanında işə götürmək barəsində razılaşdıq. Vəfa 2021-ci il iyulun 19-da orada ofisiant kimi işləməyə başladı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 23-də saat 15 radələrində spirtli içki qəbul edib və Vəfanın işlədiyi kafeyə gedib: “Telefonda kiminləsə yazışan Vəfanı görəndə qısqanclıq hissi keçirdim. O, xalası qızı ilə yazışdığını dedi. “Əgər inanmırsansa, haqqımda başqa şey düşünürənsə, münasibəti qurtarmağı" təklif etdi. Bundan əsəbiləşdim. Vəfa ilə söyüşərəkpilləkənində dayanmaqla mübahisə etdim.
Sonra üzərimdəki qatlanıb-açılan bıçağı çıxararaq Vəfanın qarın nahiyəsinə vurdum, kafedən uzaqlaşdım”.
Məlik qeyd edib ki, hadisəni törətdiyi bıçağı qorxduğundan Sabunçu rayonunun Kürdəxanı kəndindəki su kanalına atıb. O, əməlindən həddindən artıq peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini deyib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məlik 1 il müddətinə azadlıqdan məhrum edilib.