28 Fevral 2022 14:02
13 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda 2005-ci il təvəllüdlü İslam bacısının sevgilisi Musanı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, İslam yetkinlik yaşına çatmayan bacısı Nuranənin Musa ilə sevgi münasibətlərindən xəbər tutub.

İslam Musadan bacısı ilə sevgi münasibətlərinə son qoymağı tələb edib. Onların aralarında münaqişə yaranıb. 15 sentyabr 2021-ci ildə saat 12 radələrində Ağstafa rayonu Xılxına kəndində İslam Musa ilə görüşüb və onlar orta məktəbinin bağ sahəsinə gediblər. İslam bıçaqla Musaya bir neçə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən İslamın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

“Dalınca Ceyrançölə getdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam bildirib ki, ailəsi ilə Poylu qəsəbəsində yaşayır: “Orta məktəbdə oxumamışam. Ağstafa rayonu Qarahəsənli kənd sakini Musanı 5-6 ay əvvəl xatırlamadığım yerdə kartof əkilmiş sahədə işləməyə gedən zaman tanımışam. Ora işləmək üçün getmişdim. Lakin yaşım az olduğu üçün mənə iş vermədilər. Həmin vaxtdan sonra Musanı bir neçə dəfə Qazax şəhərində görmüşəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin təxminən mart-aprel aylarında yaşadığı qəsəbədə Musanın onun bacısı Nuranənin arxasınca gedib-gəldiyini eşidib:

“Musanın Ceyrançöldə işlədiyi sahəyə getdim. Ona yaxınlaşdım, nə üçün bacımın arxasınca gedib-gəldiyini soruşdum. Musa dedi ki, bacımı sevir. Bundan sonra biz tutaşdıq. Lakin sahədə adam çox olduğu üçün bizi araladılar, dalaşmağa qoymadılar. Musaya dedim ki, növbəti gün saat 14 radələrində Ağstafa rayonunda yerləşən Heydər parkına gəlsin”.

“Bacıma elçi göndərəcəyini dedi”

İslam qeyd edib ki, növbəti gün saat 14 radələrində Ağstafa rayonunda yerləşən Heydər parkına gedib: “Bir neçə dəqiqə sonra Musa da gəldi. Ondan bacıma olan münasibətini soruşdum. Fikrinin ciddi olduğunu, əsgərliyə getməmişdən əvvəl bacıma elçi göndərəcəyini dedi. Ona dedim ki, birdən bacıma başqa məqsədlə yaxınlaşar. Musa yenə dedi ki, fikri ciddidir. Biz ayrıldıq.

Bundan sonra bir neçə dəfə Musanı gördüm. Hətta onunla oturaraq çay da içdik, lakin aramızda heç bir mübahisə olmadı”.

“İkimiz üzbəüz oturub söhbət edərik”

İslam bildirib ki, təxminən 14 sentyabr 2021-ci ildə, səhər saatlarında anası Nərminədən Musanın bacısında ayrılıb başqa qız istədiyini eşidib: “Təxminən saat 10 radələrində atamın telefonundan Musaya zəng elədim, kontur olmadığı üçün zəngi söndürdüm. Musa mənə özü zəng vurdu.

Ondan başqa qızı sevib-sevmədiyini soruşdum, məsələyə aydınlıq gətirməsini istədim. “Sabah ikimiz üzbəüz oturub söhbət edərik” dedi. Mən isə telefonda nə baş verdiyini deməsini istədim. Musa “hər şeyi bacın elədi, mənimlə görüşmədi, amma başqa oğlanlarla zarafatlaşır, ondan ayrılmışam” dedi. Ondan nə üçün belə hərəkət etdiyini soruşdum. Sabah oturub söhbət etməyi məsləhət gördü.

Bundan sonra əmim oğlu İsmayıla dedim ki, Musa ilə görüşəcəm, mənimlə birlikdə getsin. İsmayıl da razı oldu”.

“İsmayıl əvvəl getmək istəmədi”

İslamın ifadəsinə görə, sentyabrın 15-də saat təxminən 12 radələrində atasının vatsapından Musaya zəng vurub: “Musadan görüşüb-görüşməyəcəyimizi dəqiqləşdirdim. Musa Xılxına kəndində məktəbin yanındakı Məcid adlı şəxsin mağazasının qabağında görüşəcəyimizi dedi. Mən artıq evdən çıxdığımı dedim.

İsmayıl xəstə olduğu üçün əvvəl mənimlə getmək istəmədi. Lakin sonra getməyə razılaşdı. Onunla Poylu qəsəbəsində yol kənarında dayandıq, markasını və nömrəsini xatırlamadığım taksi yanmızda saxladı. İsmayılla taksiyə əyləşdik, Xılxına kəndinə gedən yolun başlanğıcında taksidən düşdük. Sürücüyə 50 qəpik verdim.

Bir neçə dəqiqə gözlədikdən sonra nömrəsini xatırlamadığım “Qazel” markalı yük avtomobil gəldi. Əl elədik, “Qazel” yanmızda dayandı. Sürücüyə Xılxına kəndinə getmək istədiyimizi dedim. Avtomobilin qabağında, tanımadığımız sürücünün yanında oturduq. Xılxına kəndində məktəbin yanında avtomobildən düşdük”.

“Özümü müdafiə etmək üçün bıçaqla vurdum”

İslam bildirib ki, özü ilə apardığı atasına məxsus telefonla Musaya zəng esdib: “Musa bir-iki dəqiqəyə çatacağını dedi. Bir neçə dəqiqə sonra o, piyada yanımıza gəldi. Musa təklif etdi ki, Xılxına kəndinin meşəsinə gedək. Mən isə meşəyə getmək istəmədiyimi, məktəbin həyətinin boş olduğunu, orada söhbət edə biləcəyimizi dedim. Musa razılaşdı.

Biz söhbətə gedən vaxt İsmayıl da bizimlə getmək istədi. Lakin ona dedik ki, olduğu yerdə bizi gözləsin. Məktəbin metal çəpərinin açıq yerindən bağa keçdik, yerə çöküb üz-üzə söhbət etməyə başladıq. Musadan niyə belə hərəkət etdiyini soruşdum, o, bacımın səhv etdiyini dedi. Hansı səhvi nəzərdə tutduğunu soruşduqda Musa bacımın başqa oğlanla zarafatlaşdığını, onunla görüşmədiyini bildirdi.

Bacımın başqa oğlanla zarafatlaşmadığını dedim, nə üçün onunla görüşməli olduğunu soruşdum, ona etiraz etdim. Həmin vaxt Musa ayağa qalxdı, belindən bıçaq çıxartdı, mənə tərəf bıçaq zərbəsi atdı. Mən isə sağ əlimlə onun sifətinə yumruq zərbəsi atdım, sonra geriyə çəkildim. Bıçaq mənim sol qolumun iç tərəfinə dəydi, qolumu cızdı.

Mənim yumruğum Musanın sifətinə dəydiyi üçün bir qədər dayandı. Sol əlimlə onun bıçaq olan əlini tutdum, bıçağı almağa çalışdım. Zorla bıçağı aldım. Özümü müdafiə etmək üçün bir neçə dəfə bıçaqla onu vurdum. Lakin bıçağın Musanın bədəninin hansı hissəsinə dəydiyini bilməmişəm.

İsmayıl və daha sonra bir nəfər tanımadığım şəxs yanımıza gəldi. Özüm Musanı buraxdım. Bıçağı oraya ataraq uzaqlaşdım. Piyada çaya tərəf getdim, çayın içi ilə Qazax şəhərində yerləşən nənəmin evinə yollandım. Lakin nənəmgildə heç kimə hadisə barədə danışmadım”.

İslam qeyd edib ki, sentyabrın 15-də, axşam saatlarında atası, babası və polis əməkdaşları nənəsigilə gəliblər. Onlarla birlikdə Ağstafa rayon polis şöbəsinə gedib.

“Nuranə ilə yalnız işdə danışmışam”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Musanın sözlərinə görə, Ağstafa rayonu Qarahəsənli kəndində yaşayır: “İslamı təxminən 2 ildir tanıyıram. Həmin vaxt Qazax, Ağstafa, Tovuz rayonlarında ayrı-ayrı kənd təsərrüfatı sahələrində gündəlik işləmişəm. İslam da, bacısı Nuranə də bizimlə birlikdə işləyirdi. Nuranənin mənimlə münasibəti oarada yarandı.

İslam bir müddət işləsə də, sonradan işə çıxmadı. Təxminən 1 il əvvəl Nuranə dedi ki, məndən xoşu gəlir. Onunla yalnız işdə görəndə danışmışam. Nuranə mobil telefon işlətməyib”.

“Dedim ki, bacın məni sevir”

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin yay aylarında Ceyrançöl ərazisində balqabaq əkilmiş sahədə Nuranə ilə birgə işləyib: “İslam sahəyə gəldi, məndən bacısı ilə aramızda olan münasibət barədə soruşdu. Dedim ki, bacın məni sevir. İslam mənimlə tutaşdı, dalaşmaq istədi. Lakin yanmızda olan xarırlamadığım adamlar bizi ayırdı.

Onunla razılaşmışdıq ki, növbəti gün Ağstafa şəhərində görüşüb, söhbət edək. Növbəti gün Ağstafa şəhərinə Heydər Əliyev adına parkda görüşdük. Söhbət etdik. İslama dedim ki, bacısı məni istəyir, bilmək olmaz gələcəkdə nə olacaq. Bundan sonra biz ayrıldıq”.

“Zarafatlaşdığını gördüm”

Musa bildirib ki, 2021-ci ilin avqustun əvvələrində Qarahəsənli kəndində kafedə işlədiyi üçün sahədə işə getməyib: “2021-ci ilin avqustun axırında yenidən Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı sahələrində işə çıxdım. İslamın bacısı Nuranə də mənimlə birlikdə işlədi.

Nuranənin bir neçə dəfə bizimlə birlikdə işləyən, tanımadığım, adının Vəli olduğunu öyrəndiyim şəxslə zarafatlaşdığını gördüm. Bundan sonra başqa briqada ilə işləməyə başladım”.

Musanın ifadəsinə görə, 2021-ci ilin sentyabrın əvvələrində Ağstafa rayonu Ceyrançöl ərazisində kənd təsərrüfatı sahəsində işləyən zaman İslamın əmisi oğlu İsmayılı görüb: “Ona dedim ki, İslamın bacısının başqa oğlanla zarafatlaşdığını görmüşəm, onunla danışmaq istəyirəm, mənimlə əlaqə saxlasın.

Həmin gün gördüm ki, İslamdan mənim mobil telefonuma zəng gəlib. Ona təkrar zəng vurdum. İslama harada istəsən, görüşə biləcəyimi dedim. Xılxına kəndinin meşəsində görüşməyi təklif etdim”.

“Gördüm ki, əlində bıçaq var”

Zərərçəkmişin ifadəsinə görə, sentyabrın 15-də, saat 11 radələrində İslam telefonda evdən çıxdığını deyib: “Mən də piyada Xılxına kəndinə tərəf getdim. Məktəbin yanına çatanda İslamın və əmisi oğlu İsmayılın orada olduqlarını gördüm. İslamla birlikdə məktəbin bağ sahəsinə tərəf getdik. Birlikdə məktəbin həyətinə keçdik. Mən qabaqda gedirdim. Bir az sonra geri dönəndə İslamın əlində bıçaq gördüm. İslam yumruqla məni vurdu, arxası üstə yerə yıxıldım.

Ayağa qalxıb yumruq atmaq istədim. Lakin yumruq onu tutmadı. İslam bıçaqla mənim sağ qoluma vurdu, qolum kəsildi. Yanı üstündə yerə yıxıldım. İslam üstümə çökərək əbıçaqla sağ ayağıma, sol qoluma zərbələr vurdu.

İsmayıl yanımıza gəldi, İslamı məndən ayırdı. Tanımadığım bir şəxs də gəldi. İslamın üstünə qışqırdı, polisə və təcili tibbi yardıma məlumat verdi”.

“Münasibətimiz yarandı”

Cinayət işi üzrə şahid qismində dindirilən Nuranə deyib ki, Musanı təxminən bir ildir tanıyır:

“Təxminən 1 il əvvəl Tovuz rayonunda kartof əkilmiş sahədə işləmək üçün ailə üzvlərim Poylu qəsəbə sakini Ceyran adlı qadın və Eldar adlı kişi ilə danışdılar. Təxminən 1 ay Tovuz rayonunda kartof yığdım. Mənə gündəlik 12 manat verirdilər. Orada işləyən Musa ilə tanış oldum.

Musa dedi ki, məndən xoşu gəlir. Aramızada münasibət yarandı. Biz işdə olanda söhbət etdik. Musa işə gəlməyəndə mənimlə birlikdə işləyən Səkinə adlı qadının telefonu ilə onunla danışmışam”.

“Dedilər ki, qorxma, yanındayıq”

Nuranə bildirib ki, Qazax rayonu Şıxlı kəndində də Musa onlarla birlikdə işləyib: “Günorta saatlarında kartof sahəsində Musa arxamca gəldi. Mənim əlimdən tutaraq kola yıxdı, mənimlə evlənmək istədiyini dedi, onunla qaçmağı təklif etdi. Lakin Musanın əlini dişləyərək oradan qaçdım, qışqıraraq mənimlə birlikdə işləyən bacım Sevdanı və dayım qızı Təhminəni səslədim. Musa da qaçaraq getdi. Sevdaya və Təhminəyə Musanın hərəkəti bərədə danışdım. Onlar isə dedilər ki, qorxma, yanındayıq, Musa heç nə edə bilməz”.

Nuranə bildirib ki, həmin hadisədən təxminən 2 gün sonra Ağstafa rayonu Qırılı kəndi ərazisində pomidor sahəsində Musa da onlarla birlikdə işləyib: “Saat 13 radələrində sahədə pomidor yığan zaman tək idim. Başqa işçilər məndən bir az uzaqdaydılar. Musa yanıma gəldi, dedi ki, gülüb-danışma, sən mənim həyat yoldaşım olacaqsan. Mən isə ona həyat yoldaşı olmayacağımı dedim.

Musa dedi ki, gəl kolların arxasına gedək. Mən isə getməyəcəyimi dedim. Musa bildirdi ki, getməsəm, məni döyəcək. Lakin yenə də getmədim. Bundan sonra qardaşım İslama Musanın etdiyi hərəkətlər barədə danışdım. İslam mənə heç nə demədi.

Təxminən 2-3 gün sonra dayım qızı Təhminə dedi ki, Musa Saloğlu qəsəbəsindən bir qızı istəyir, məni istəmir. Bu barədə qardaşıma dedim. Sentyabrın 15-də eşitdim ki, qardaşım Musa ilə dalaşıb”.

Nuranənin sözlərinə görə, Musa ona qarşı əxlaqsız hərəkət etməyib.

“10 övladım var”

Cinayət işi üzrə təqsirləndirilən şəxsin atası Mehdi də ifadə verib. O bildirib ki, onun 10 övladı var: “İslam idmanın sərbəst güləş növü ilə məşğul olub. Mənim azyaşlı qızım Nuranə və İslam hərdən ayrı-ayrı kənd təsərrüfatı sahələrində günəmuzd işləyiblər. Sonradan İslam işləmədi. Lakin qızım işə davam elədi.

Qızım işləyən vaxt Ağstafa rayonu Qarahəsənli kənd sakini Musanın ona münasibət göstərdiyini, qıza bir neçə dəfə söz atdığını öyrəndim.

Sentyabrın 15-də saat 12 radələrində Poylu qəsəbəsində “İsa bulağı” adlanan yerdə işləyən zaman Ağstafa rayon polis şöbəsi əməkdaşlarının qəsəbəyə gəldiyini gördüm. Öyrəndim ki, onlar oğlumu axtarırlar, polis əməkdaşları oğlumun kimisə bıçaqladığını dedilər. Oğlumu axtarmağa başladıq. Onun Qazax rayonundan nənəsi evində olduğunu öyrəndik. Bu barədə polis əməkdaşlarına məlumat verdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İslamın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il 6 ay sınaq müddəti təyin edilməklə 2 il 7 ay 24 gün müddətinə şərti cəza təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər