“Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə elektrik vəzifəsində işləyən 1984-cü il təvəllüdlü Orxanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Orxan 18 avqust 2021-ci ildə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxması ilə bağlı analiz verib. Analizin cavabı pozitiv çıxıb və bu səbəbdən ona 14 gün müddətinə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən yaşadığı ünvanda ev şəraitində özünütəcrid qaydaları çərçivəsində müalicə olunması barədə xəbərdarlıq edilib.
Orxan buna əməl etməyib, epidemiya əleyhinə rejimi və karantin rejimlərini pozub müalicənin 13-cü günündə, yəni avqustun 30-da, saat 10 radələrində yaşadığı və izolyasiya olunduğu evi xəstə olduğunu bilə-bilə aktiv koronavirus xəstəsi olan anası üçün dərman preparatları almaqdan ötrü tərk edib.
Orxan “VAZ 2107” markalı avtomobil ilə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Polad Aptek”ə gedib, içəri daxil olaraq əczaçı ilə, dərman preparatları aldıqdan sonra isə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinə gedib, orada işləyən fəhlə ilə təmasda olub.
İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.
Bərdə rayon Məhkəməsinin hökmü ilə Orxan 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təyin edilmiş cəza müddəti ərzində Orxan üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması barədə qərar qəbul edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.