İş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Faiq Qəniyev bildirib ki, bəzi zərərçəkmiş və şahidlər məhkəmə prosesinə gəlməkdən imtina edir.
O, qeyd edib ki, həmin şəxslər məhkəmə orqanlarından ehtiyat edir.
Hakim bildirib ki, prosesə gəlmək istəməyənlər əvvəlcədən bu barədə məhkəməyə məlumat verməlidir.
Daha sonra məhkəmədə ifadə verən zərərçəkmiş Xalidə Hüseynova bildirib ki, lombarddan qızıl girov qoymaqla pul götürüb: “Pulu qaytarandan sonra qızılını vermədilər. Bir müddət keçəndən sonra qızılı aldım. Bilirdim ki, Maqsud oranın sahibidir. Amma mən nə pul alanda, nə də qızıl verəndə Maqsudu görmüşəm. Mən pulu Mədinəyə vermişəm, qızıllarımı da ondan almışam".
Digər zərərçəkmiş Hicran Məmmədova isə bildirib ki, Maqsud Mahmudovla bağlı hazırda heç bir şikayəti yoxdur: “Ona görə də məhkəməyə gəlmirdim. 750 əyarlı qızıl üzük, 14 qramlıq qızıl boyunbağı qoyub 600 manat götürmüşəm. Pulu vaxtında ödəmişəm. Pulu ödəyəndən sonra qızıllarımı ala bilmədim. Qızım mənə zəng vurdu ki, ana, Maqsud qızılları götürərək qaçıb. Gəldim ki, hamı yığılıb, qızılını istəyir. Mən də şikayət etdim. Polisə şikayət etdim, 2 aydan sonra qızıllarını aldım”.
Zərərçəkmiş Şövkət Əliyeva da Maqsud Mahmudovdan şikayətçi olmadığını deyib.
İstintaq orqanı tərəfindən Maqsud Mahmudovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ittiham elan edilib.
Maqsud Mahmudovun barəsində Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa elan edib. O, 2021-ci ilin iyulunda Ukrayna ərazisində tutulub, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 91 nəfər zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.