Bakının Xətai rayonunda 1978-ci il təvəllüdlü Mehman bacısı Elmiranın ofisindən oğurluq edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mehman bacısı Elmiranın işlədiyi “Russel Plaza”nın 5-ci mərtəbəsindəki ofisinə gəlib. Ofisin qapısını əldə etdiyi açarla açıb və orada saxlanc yeri olan dolabın siyirməsindən 2200 manat məbləğində pulu oğurlayıb.
İstintaq orqanı tərəfindən Mehmanın barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Mehman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Tərtər rayonu, Evoğlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır: “Yük avtomobili sürücülüyü edərək dolanışığımı təmin edirəm. Rəsmi şəkildə heç bir yerdə işləmirəm. 20 avqust 2021-ci ildə təxminən saat 11 radələrində Bakıya, bacım Elmiranın yaşadığı mənzilə qonaq gəldim.
Mənzilə çatdıqdan sonra bacımla birlikdə onun işlədiyi Xətai rayonunda yerləşən “Russel Plaza”nın 5-ci mərtəbəsindəki ofisinə getdik. Ofisə daxil olan zaman bacımın çantasından pul çıxararaq dolabın siyirməsinə qoyduğunu gördüm. Orada bir az oturduqdan sonra bacımla 2 saylı “Asan” xidmətin qarşısına getdik.
Bacım avtomobilini “Asan” xidmətin yanında saxladı, özü isə işlərini həll etmək məqsədi ilə “Asan” xidmətə daxil oldu. Təxminən 30 dəqiqə avtomobildə bacımı gözlədim. Sonra bacım qayıtdı. Birlikdə bacımın mənzilinə getdik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Elmiranın digər otağa keçməsindən istifadə edib, ona məxsus açarların içərisindən ofisin açarını seçib və cibinə qoyub: “Həmin gün Elmiranın bağ evinə getməyə hazırlaşdığını bildim. Mənzildə təxminən bir saata yaxın oturdum. Sonra bacımın işlədiyi “Russel Plaza”nın 5-ci mərtəbəsində yerləşən ofisinə getdim.
Əvvəllər də bacımın yanına getdiyim üçün qapıda olan mühafizəçi məndən heç nə soruşmadan binaya buraxdı. “Russel Plazada” olan ofisin qapısına çatdıqda gizli olaraq götürdüyüm açarla qapını açdım. Dolabın siyirməsində olan 2200 manatı götürdüm, ofisi tərk etdim”.
Mehman deyib ki, oğurluq hadisəsini törətdikdən sonra yaşadığı Tərtər rayonu, Evoğlu kəndinə geri qayıdıb: “Oğurluq barədə heç kimə heç bir məlumat vermədim. Pulu özümün şəxsi tələbatlarım üçün xərclədim. Avqustun 23-də bacım mənə zəng vurdu və oğurluq etdiyimi bildirdi. Ona pulu şəxsi ehtiyaclarıma görə oğurladığımı, tez bir zamanda pulunu geri qaytaracağımı bildirdim.
Noyabrın 30-da təxminən saat 16 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində olan zaman polis əməkdaşları mənə yaxınlaşdılar, özlərini təqdim etdilər və mənə oğurluq cinayəti ilə bağlı axtarışda olduğumu bildirdilər. Sonra məni Xətai rayon Polis İdarəsinə gətirdilər”.
Mehman qeyd edib ki, bacısı ilə barışıb, ona dəymiş ziyanı tam ödəyib.
Xətai rayon Məhkəməsinin hökmü ilə Mehman 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Mehmanın üzərinə yaşadığı Tərtər rayonu, Evoğlu kəndində yerləşən ünvanını axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifələri qoyulub.
Hökmə əsasən Mehmanın kütləvi tədbirlərdə iştirak etməsi qadağan olunub. Hökmün icrasına nəzarət Mehmanın yaşayış yeri üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.