Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Orxan Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Xətai rayonun, Xocalı prospektində yerləşən mağazalardan birinin satıcısı Murad Hacıyev Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bir nəfər naməlum şəxsin onu bıçaqla hədələyib pul alması barədə məlumat verib.
Cinayəti törədən Cəlilabad rayonunda anadan olmuş 21 yaşlı Orxan Dadaşov tutulub. O, istintaqa verdiyi ifadəsində bildirib ki, gecə saatlarında mağazanın yanından keçərkən içəridə müştəri olmadığını görüb. Buna görə də quldurluq etmək qərarına gəlib. Orxan Dadaşov üstündə gəzdirdiyi bıçaqla mağazanın satıcısı Murad Hacıyevi öldürəcəyilə hədələyib. Daha sonra isə kassadan 100 manat götürərək hadisə yerindən qaçıb.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı dekabrın 1-nə təyin edilib.
Hacı Zeynalov