30 Mart 2022 12:25
1 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda 1988-ci il təvəllüdlü Rəşad Türkiyə vətəndaşı Mehmet Aksoya qarşı soyğunçuluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rəşad 2 oktyabr 2021-ci ildə gecə saat 1 radələrində "Xəqani" bağı ərazisində tanış olduğu Mehmetin sərxoşluğundan istifadə edib və ondan özünə içki almasını xahiş edib.

Mehmet cibindən pul cuzdanını çıxarıb və ona pul vermək istəyib. Bu zaman Rəşad cuzdanı alaraq qaçıb.

İstintaq orqanı tərəfindən Rəşadın barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2021-ci ilin oktyabrın 1-dən 2-nə keçən gecə tək “Xəqani” ticarət mərkəzinin qarşısında dayanaraq pivə içib: “Bu zaman ilk dəfə gördüyüm bir nəfər orta yaşında kişi mənə yaxınlaşdı. Aramızda söhbət düşdü. Onun sərxoş olduğunu hiss etdim. Həmin şəxsə rayonlara turistlər üçün bələdçilik etdiyimi bildirdim.

Mənə özünü təqdim etməsə də, yəni nə işlə məşğul olduğunu, adını və haradan gəldiyini deməsə də, danışığından türk olduğunu başa düşdüm. Birlikdə yaxınlıqdakı “Xəqani” bağına getdik. Orada skamyada əyləşərək 10-15 dəqiqə COVID-19 pandemiyasından və Qəbələ rayonunun gəzməli turizm yerlərindən söhbət etdik. Söhbət zamanı həmin şəxsə məni içkiyə qonaq etməsini bildirdim. Həm özü, həm də mənim üçün içki almağa etiraz etmədi. Cibindən pul cuzdanını çıxarıb mənə verdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra aralarında anlaşılmazlıq olub: “O mənə narazılığını bildirdi və qışqıraraq cüzdanı geri istədi. Cüzdanı ona qaytardım və heç bir şeyə ehtiyacımın olmadığını bildirdim. Oradan kənarlaşmaq istəyərkən həmin şəxs arxamca gəldi.

Mənim cüzdanı oğurlamaq niyyətim olmayıb. Həmin vaxt hər ikimiz sərxoş olduğumuz üçün anlaşılmazlıq baş verdi. Cüzdanı özüm zərərçəkmişə qaytarmışam.

Elə bu vaxt oraya iki nəfər polis əməkdaşları yaxınlaşdı. Türk vətəndaşı mənim pul cuzdanını əlindən alaraq qaçmağımdan şikayət etdi. Polis əməkdaşları hər ikimizi 39-cu polis bölməsinə apardılar. Orada Mehmet Aksoy adlı şəxs məndən şikayət ərizəsi verdi”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mehmetin sözlərinə görə, Azərbaycana Qarabağın inkişafı üçün İtaliya şirkəti adına “PSC Ecchher” firmasının rəsmi təmsilçisi olaraq gəlib:

“Oktyabrın 1-də saat 17 radələrində Səbail rayonu ərazisində yerləşən “Teatrum” otelinə yerləşdim. Axşamüstü oteldə iki bokal viski içdim. Yaxınlıqdakı "Xaqani" bağı ərazisinə gəzməyə çıxdım. Gecə 23.40-da gəzişərkən Rəşad adlı şəxslə tanış oldum. Ona Türkiyədən qonaq gəldiyimi bildirdim.

Söhbət zamanı Rəşad məndən onu içkiyə qonaq etməyimi xahiş etdi. Xahişi nəzərə aldım və cibimdən pul saxladığım cüzdanı çıxardım. İçərisindən Rəşada içki almaq üçün pul vermək istədim. Bu zaman gözləmədiyim halda qəflətən əlimdən cüzdanı dartaraq aldı və qaçmağa başladı.

Onun arxasınca düşdüm. Təxminən 14-15 metr sonra arxadan çataraq ona yaxaladım. Pul cüzdanını geri aldım”.

Zərərçəkmişin bildirdiyinə görə, Rəşadın arxasınca qaçarkən qışqırığını eşitmiş polis əməkdaşları oraya yaxınlaşıb: “Onlar Rəşadı saxladılar. Polislərə Rəşadın cüzdanımı əlimdən alaraq qaçdığını bildirdim. Bizi polis bölməsinə apardılar, şikayət ərizəsi yazdım.

Rəşadın əlimdən alaraq qaçdığı cüzdanın içərisində bir ədəd kredit bank kartım, 940 türk lirəsi və adıma olan Türkiyə Respublikasının kimlik vəsiqəsi olub”.

Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb.

Rəşad 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər