6 Aprel 2022 16:45
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə lombardın işçisi Mədinə İsrafilova ifadə verib.

O bildirib ki, zərərçəkmiş olduğu halda məhkəmədə şahid kimi təqdim olunub. Onun sözlərinə görə, bu işdə onun özü də zərər çəkib.

Daha sonra təqsirləndirilən Maqsud Mahmudov zərərçəkmiş Aslan Qəhramanovdan 120 min manat alması ilə bağlı ifadəyə münasibət bildirib: “Sağ olsun, çox kömək edib. Amma aldıqlarını danır. 2010-cu ildən çox yaxın olmuşuq. Badamdarda ev tikirdim. Orada beton sifariş verdim. Betonu gətirən fəhlə yıxılıb öldü. Mən onda Aslandan kömək istədim. Dedim ki, 50 sotun içində ev tikirəm, mənə pul ver. O da verdi. Mənim onda əlavə olaraq 600 min manatlıq evim var idi. Həmin evə gələn usta da infarkt keçirib öldü.

Mən qorxdum, daha həmin evə getmədim. Hər iki işlə bağlı Səbail prokurorluğunda cinayət işi başlandı. Gəldim ölü yiyələri ilə razılaşmağa, dedilər ev ver, razılaşdıq. Evi 450 min manata satışa çıxardım. Evi satanda Aslan gəlib dedi ki, baha sataq. Səhər saat 12-də ölən şəxslərin yiyələrinə pul verməliyəm. Evi alan gəlmədi. Sonra başqa bir nəfər 320 minə razılaşdı mənimlə. Həmin şəxs mənə 90 min manatın əvəzinə brilyant daş verdi”.

Maqsud Mahmudov əlavə edib ki, həmin vaxt onu Milli Təhlükəsizlik Nazirliyinə çağırıb və rüşvət istəyiblər: "Milli Təhlükəsizlik Nazirliyində məndən bir “Gallendevagen" və 250 min manat istədilər. Bildirdilər ki, əks halda həbs edəcəklər. Mən də Aslandan 120 min manat borc istədim. Aslan dedi ki, obyektim var, onu sat pulu götür”.

Maqsud Mahmudov bildirib ki, keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovla uşaqlıqdan bir həyətdə böyüyüb: “Eldar həmişə məndən pul alırdı. İndi istəmirəm ki, məni dələduz kimi tanısınlar”.

İstintaq orqanı tərəfindən Maqsud Mahmudovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ittiham elan edilib.

Maqsud Mahmudovun barəsində Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa elan edib. O, 2021-ci ilin iyulunda Ukrayna ərazisində tutulub, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 91 nəfər zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.


Müəllif: Hacı Zeynalov