7 Aprel 2022 10:06
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hərbiçiləri və digər vəzifəli şəxsləri şantaj etməkdə ittiham olunan Ltv 7 internet kanalının direktoru Ceyhun Şəmilov, direktor müavini Gülmirə Rəcəbova, müxbirlər Sevil Mərəndski, Gülnarə Osmanova, Ltv 7 xəbər kanalının bölgə müxbiri Fazil Quliyev, bloqçu Vüsal Zeynalov, İlham Novruzov, Rümayə Rzayeva, Sadiq Əlizadə, Elnur Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 12-nə təyin olunub.

İttihama görə, Ltv 7 xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloqçu Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib, 13 fevral 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb ediblər.

Eyni zamanda, Ltv 7 internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 16 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov