11 Aprel 2022 14:27
2 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 1998-ci il təvəllüdlü Nazilə şəxsi münasibətlər zəminində sevgilisi Sabirə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Nazilə 4 yanvar 2021-ci ildə, gecə saat 2 radələrində kirayədə yaşadığı mənzildə keçmiş sevgilisi Sabirlə mübahisə edib.

Mübahisəyə səbəb Sabirin mənzilə başqa bir qadınla gəlməsi olub. Nazilə masanın üzərində olan pilka (dırnaq yonan) ilə Sabirin qarın nahiyəsinə vurub.

Nazilənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazilə ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2018-ci ilin oktyabrında Sabirlə tanış olub: “Əvvəllər Sabirgilin məhəlləsində kirayə yaşadıq. Təxminən 1 ay sevgili olduq. Lakin yaxşı yola getmədiyimiz üçün ayrılmalı olduq. Ayrılmağımıza baxmayaraq Sabirlə mütəmadi əlaqə saxlayırdıq. Bəzi vaxtlarda görüşürdük.

Sonradan Sabir Məlahətlə tanış oldu. Övladlarımizi NZS qəsəbəsindəki eyni dayənin yanına qoyduğumuzdan Məlahəti əvvəlcədən tanıyırdım. Bir neçə dəfə tanışlarımız vasitəsilə Məlahət və Sabirlə eyni məclisdə olmuşuq”.

Nazilənin sözlərinə görə, 2020-ci ilin dekabrında kirayə yaşadığı mənzildən çıxdığı üçün Sabirdən ona qalmağa ev tapmasını istəyib: “Sabir Nobel prospektində yaşayan dostu Vəlidən müvəqqəti olaraq evində qalmağımı xahiş etdi. Vəli heç bir etiraz etmədi, özümə kirayə ev tapana kimi qalmağıma razılıq verdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın sonlarında Sabir Məlahəti onun qaldığı mənzilə gətirib və onunla eyni mənzildə qalacağını söyləyib: “Etiraz etsəm də Sabir Məlahətin qalmağa yeri olmadığını, bir neçə gün Vəligildə qalacağını söylədi, özü getdi. Lakin Məlahətlə yola gedə bilmədiyim üçün Sabir həmin gün gələrək onu apardı. Sabirə tapşırdım ki, Məlahəti mənim qaldığım mənzilə gətirməsin”.

Nazilə bildirib ki, 2021-ci ilin yanvarın 3-dən 4-nə keçən gecə təxminən saat 2 radələrində dırnağını təmizləyirmiş: “Bu zaman Sabir Məlahətlə birlikdə bizə gəldi. Məlahəti Sabirin yanında gördüm və onu nə üçün gətirdiyimi soruşdum. Sabiri təhqir etməyə başladım, əlimdəki dırnaq təmziləyəni masanın üzərinə qoydum.

Sabir məni sakitləşdirmək istəsə də, çox əsəbiləşdiyimdən özümə gələ bilmədim. Buna görə də Sabir əli ilə baş nahiyəmdən itələdi. Əsəbiləşərək masanın üzərindəki dırnaq təmizləyəni götürdüm və onun qarın boşluğuna zərbə vurdum. Bundan sonra Sabir və Məlahət mənzildən getdilər. Mən də dırnaq təmizləyəni yuyib yerinə qoydum”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Nazilə 3 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov